Yuxarı
    Bağlamaq

    Şöbə müdiri: "Aparılan monitorinq zamanı aşkarlanan nöqsanları aradan qaldırırıq"

    Dövlət proqramında 2020-ci ilə qədər belə treninqlərin davamlı olması nəzərdə tutulub

    Bakı. 1 iyun. REPORT.AZ/ "Dilçilik İnstitutunun təcrübəsində bu ilk treninqdir. Treninqdə AzTV-dən başqa bütün televiziyaların təmsilçiləri iştirak ediblər. Treninq dövlət proqramına uyğun olaraq keçirilib. Məqsəd teleradio aparıcıları və diktorlarının şifahi nitqinin inkişafına kömək etməkdir". Bunu "Report"a Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri professor Qulu Məhərrəmli deyib. 

    O bildirib ki, təşkilatı işlərlə Milli Televiziya və Radio Şurası məşğul olur: "Treninqdə iştirak edənləri onlar toplayır. Proqram hazırlamaq və təlimçilər dəvət etmək isə Dilçilik İnstitutunun üzərinə düşür. Təlimçilər əsasən Dilçilik İnstitutunun mütəxəssisləridir. Treninq praktika üzərində qurulub. Dilçilik İnstitutunun apardığı monitorinq zamanı hansı xarakterik nöqsanlar üzə çıxıbsa onların əsasında təcrübə keçirik. Əsasən şifahi nitqin inkişafı, televiziya, radio dilinin incəlikləri, daha çox intonasiya, vurğu, məntiqi vurğu ilə bağlı məsələlərə diqqət yetirilib. Yəni şifahi nitqin özəllikləri, ekranda necə danışmaq, mikrofon qarşısında səsi necə tənzimləmək, alınma sözlərin vurğularını müəyyənləşdirmək və başqa məsələlərlə bağlı çox faydalı məşğələlər keçirildi". 

    Q.Məhərrəmlinin sözlərinə görə, uzun müddətdir ki, televiziya və radio işçiləri üçün belə yüksək səviyyəli treninq təşkil olunmayıb: "Söhbət dilnən bağlı məsələlərdən gedir". O deyib ki, treninqə xəbər proqramlarının aparıcıları, reportyorlar, redaktorlar, prodüsserlər qatılıb: "Bu adamlar birbaşa verilişin hazırlanmasında iştirak edir, kağız üzərindəki ideyaları gerçəkləşdirir. Daha çox dil daşıyıcıları bu adamlardır. ATV, ANS, Xəzər televiziyalarının əməkdaşları bu treninqlərdə xüsusilə fəal iştirak ediblər". 

    Şöbə müdiri bildirib ki, bu cür treninqlər davam edəcək: "Dövlət proqramında 2020-ci ilə qədər bu cür treniqlərin davamlı keçirilməsi nəzərdə tutulub". 

    Qeyd edək ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu teleradio aparıcıları və diktorlarının nitqinin inkişaf etdirilməsi, dil qüsurlarının aradan qaldırılması məqsədilə mayın 18-dən 29-dək treninqlər keçirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi