Report Media Məktəbinin yeni qrupu təlim proqramına qoşuldu

Report Media Məktəbinin yeni qrupu təlim proqramına qoşuldu Report İnformasiya Agentliyində fəaliyyət göstərən Report Media Məktəbinin yeni qrupu üçün təlim proqramına start verilib.
Media
20 Fevral , 2020 14:50
Report Media Məktəbinin yeni qrupu təlim proqramına qoşuldu

"Report" İnformasiya Agentliyində fəaliyyət göstərən Report Media Məktəbinin yeni qrupu üçün təlim proqramına start verilib.

Müraciət etmiş 7 nəfər gənc agentlikdə xəbər, müsahibə, reportaj, araşdırma yazıları hazırlayacaq, jurnalistika peşəsinin sirlərini öyrənəcək.

"Report" İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev proqramın iştirakçıları ilə görüşdə bildirib ki, Report Media Məktəbinin qarşısında bir sıra vacib məsələ durur: “Report” İnformasiya Agentliyində praktik bilik toplayan gənc jurnalistlər üçün böyük imkanlar açılır. Hər bir məzun təhsilini bitirdikdən sonra işə düzəldikdə qarşılaşdığı çətin mərhələni bir növ dəf etmiş olur, informasiya mühitində təkmilləşir”.

Report Media Məktəbinin koordinatoru İsmayıl Rafiqoğlu isə peşə üzrə praktik bilik və bacarığın artırılmasınından əlavə, həm də qlobal informasiya mühitində baş verən yeniliklərin çatdırılmasının da əhəmiyyətli olduğunu vurğulayıb: “Multimedia jurnalistikası artıq hər yerdə bərqərar olub. Müasir jurnalist informasiyanı ən müxtəlif yollarla çatdırmağı bacarmalıdır. Report Media Məktəbində ənənəvi biliklə yanaşı yenilikləri də tədris etməyə çalışırıq”.

Tədris dövründə aparıcı media mütəxəssislərinin gənc jurnalistlərlə görüşlərinin keçirilməsi də planlaşdırılır.

Report Media Məktəbi 2018-ci ilin iyun ayında fəaliyyətə başlayıb. Media məktəbinin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə çatdırmaq, jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığın artırılmasını təmin etməkdir.

Bu müddətdə bir neçə buraxılış olub, Report Media Məktəbini uğurla bitirən məzunlara sertifikat təqdim edilib. 

Son xəbərlər

Orphus sistemi