Yuxarı
    Bağlamaq

    ​QHT-lərə Dövlət Dəstəyi Şurası 2015-ci ilin I rübünə yekun vurub

    İclasda qurumun fəaliyyətinə dair hesabat verilib

    Bakı. 16 aprel. REPORT.AZ/ Ötən gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib.

    Qurumdan "Report"a verilən məlumata görə, Şura sədri, millət vəkili Azay Quliyev iclası açaraq gündəlikdə dayanan Şuranın 2015-ci 1-ci rübdəki fəaliyyətinə dair hesabat, 2015-ci il ikinci maliyyə yardımı müsabiqəsinin elan edilməsi, xarici QHT-lər üçün qrant müsabiqəsinə təqdim olunan layihələr, beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələləri haqqında məlumat verib.

    Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın Əsasnaməsinə və QHT-lərə dövlət dəstəyi Konsepsiyasına uyğun olaraq 2015-ci ilin I rübündə görülən işlər haqqında ətraflı məlumat verib. Ötən rüb ərzində Şuranın “Vətəndaş Cəmiyyəti” jurnalının yeni dizaynda 3 nömrəsi nəşr olunub. Jurnalın bu saylarında QHT-lərin fəaliyyətinə, inkişaf dinamikasına, həyata keçirilən layihələrin icra vəziyyətinə dair ümumilikdə 130-a yaxın məqalə və müsahibə əksini tapıb. Şuranın QHT-lərə operativ informasiya dəstəyi verən qhtxeber.az saytı da rüb ərzində fəaliyyətini davam etdirərək ölkənin ictimai sektoruna aid praktiki və nəzəri məsələləri uğurla işıqlandırıb. Şuranın fəaliyyəti haqqında 2015-ci ilin I rübündə 24 press-reliz yayımlanıb.

    Şura Katibliyi 2015-ci ilin 1-ci maliyyə yardımı müsabiqəsi çərçivəsində maliyyələşən layihələrin icrasının effektivliyinin artırılması məqsədilə QHT rəhbərləri və mühasibləri üçün layihələrin idarə olunması və hesabatların təqdim edilməsi mövzularında məlumatlandırma sessiyaları keçirib. Cari ilin yanvar ayından başlayaraq mart ayının sonuna qədər Şura Katibliyinin əməkdaşları Milli Mühasibat Uçotu Standartlarına uyğun 2014-cü il üçün maliyyə hesabatlarının hazırlanması işində 300 QHT-yə xidmət göstərib. Bu təşkilatlardan 100-ü region QHT-ləridir. Katiblik əməkdaşları Şuranın ofisində və Azərbaycan Milli QHT Forumunun Quba, Qəbələ, Şirvan, Mingəçevir və Şəmkir şəhərlərindəki Regional QHT-lərin Resurs və Təlim Mərkəzlərində yerli təşkilatlar üçün konsultativ və praktik xidmətlər təşkil edib.

    2015-ci ilin birinci maliyyə müsabiqəsinə Şuranın 13 mart 2015-ci ildə keçirilən iclasında yekun vurularaq 387 QHT-nin layihəsinin maliyyələşdirilməsi haqda qərar qəbul edilib.

    Ötən rüb ərzində Şuranın 11 iclası keçirilərək fəaliyyətin səmərəli təşkili, maliyyə yardımı müsabiqələrinin icrası, müsabiqə nəticələrinin müzakirəsi, Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasından irəli gələn digər məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir.

    18 mart 2015-ci ildə Şura ilə Türkiyə Respublikası Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Bakı Proqram Koordinatorluğunun əməkdaşlığı çərçivəsində “Bakı QHT-lərinin Resurs və Təlim Mərkəzi”nin açılış mərasimi keçirilib. Milli Qeyri-Hökumət Təşkilatları Forumunun idarəçiliyinə verilən Mərkəz QHT-lərin resurslarının artırılmasına xidmət edir.

    19 yanvar 2015-ci ildə Şuranın 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunan toplantısında adıçəkilən qətliamın beynəlxalq ictimaiyyətə tanıdılması və “Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” petisiyasının təşkil edilməsi haqında qərar qəbul edilib. Bir ay ərzində petisiya üçün tələb olunan imzalar toplanaraq BMT-yə göndərilib.

    2015-ci ilin I rübündə Şurada beynəlxalq təşkilatlar və diplomatik korpus nümayəndələri ilə keçirilən görüşlərdə müxtəlif istiqamətlər üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.

    19 mart 2015-ci ildə Şuranın ofisində beynəlxalq təşkilatlar, Azərbaycanda fəaliyyət göstərən səfirliklər və yerli QHT nümayəndələrinin iştirakı ilə “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi qaydası” və “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydası” sənədlərinin layihəsi müzakirə edilib.

    29 mart - 3 aprel 2015-ci il tarixlərində Şura sədri Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyada səfərdə olub. Səfərin əsas məqsədi ictimai iştirakçılıq və vətəndaş cəmiyyətinin inkişafı sahəsində Azərbaycanın əldə etdiyi uğurları İtaliya ictimaiyyətinə təqdim etmək və qarşılıqlı təcrübə mübadiləsi aparmaq olub. Səfər çərçivəsində İtaliyanın Əmək və Sosial Siyasət naziri, parlament üzvləri, Neapol şəhərinin meri və tanınmış QHT rəhbərləri ilə görüşləri keçirilib. İtaliya senatında təşkil olunan konfransda hökumət nümayəndələrinə, parlamentin üzvlərinə, QHT və media təmsilçilərinə “İdarəetmədə ictimai iştirakçılıq: Azərbaycan modeli” təqdim olunub.

    2015-ci ilin I rübündə Şuranın maliyyə yardımı ilə xarici QHT-lər tərəfindən Böyük Britaniya, İtaliya, Türkiyə, Belçika və Latviyada Azərbaycanın müasir inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında konfranslar keçirilib. Şuranın dəstəyi ilə hazırda xarici QHT-lərin layihələrinin icrası davam edir.

    Ötən rüb ərzində həmçinin Şuranın Şərq-Qərb İdarəetmə İnstitutu - Azərbaycanda Sosial-İqtisadi İnkişaf Proqramı (SEDA) ilə əməkdaşlığı çərçivəsində ölkənin əksər regionlarında ictimai şuraların yaradılması haqqında məlumatlandırma sessiyaları, seminarlarlar təşkil edilib.

    İclasda 15 aprel – 15 may 2015-ci il tarixlərində aşağıdakı mövzular üzrə 2015-ci ilin II qrant müsabiqəsinin elan edilməsi haqqında qərar qəbul olunub. Müsabiqənin mövzusu, şərt və qaydaları haqqında məlumat www.cssn.gov.az, www.qhtxeber.az və www.e-qht.az saytlarında yerləşdirilib.

    İclasda “Daşınmaz Əmlak Sahiblərinə Hüquqi Yardım” İctimai Birliyinin müraciəti nəzərə alınaraq Şuranın 2015-ci il I qrant müsabiqəsi çərçivəsində təşkilatın layihəsinin maliyələşdirilməsi haqqında qərar ləğv edilib.

    Şura üzvləri iclasda xarici QHT-lər üçün qrant müsabiqəsinə təqdim olunan layihələrlə bağlı müzakirələr aparıb və müvafiq qərarlar qəbul ediblər.

    İclasda həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələləri geniş müzakirə edilib.

    İclasın sonunda Şura üzvü, “Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası”nın rəhbəri Gülnarə Hüseynova yubleyi münasibəti ilə Şura sədri tərəfindən fəxri fərmanla təltif edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi