Yuxarı
    Bağlamaq

    “Qafqazinfo”nun 5 illik yubileyi qeyd olunub

    Vüqar Əliyev: “Azərbaycan mətbuata dövlət dəstəyinin göstərildiyi nadir ölkələrdəndir”

    Bakı. 17 avqust. REPORT.AZ/ “Qafqazinfo.az” xəbər portalının fəaliyyətə başlamasının 5 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. “Report”un xəbərinə görə, tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, KİV təmsilçiləri iştirak ediblər.

    “Qafqazinfo”nun təsisçisi və baş direktoru Elbrus Ərud rəhbəri olduğu portalın fəaliyyətindən, Azərbaycanın media məkanındakı yerindən danışıb, mərasim iştirakçılarına minnətdarlığını bildirib.

    Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev tədbirdə çıxış edərək “Qafqazinfo.az”ın kollektivini təbrik edib və portalın əməkdaşlarına uğurlar arzulayıb.

    “Qafqazinfo.az”ın Azərbaycanda geniş vüsət alan onlayn media məkanında qabaqcıl portallardan biri olduğunu vurğulayan Vüqar Əliyev ölkədə mətbuatın inkişafını şərtləndirən əsas amillərdən biri kimi KİV-in fəaliyyəti üçün qanunvericiliklə təsbit olunmuş əlverişli mühitin yaradıldığını bildirib. Dövlət başçısı İlham Əliyevin ölkədə mətbuatın inkişafına xüsusi diqqət və qayğı göstərdiyini qeyd edən Prezident Administrasiyasının rəsmisi bildirib ki, Azərbaycan mətbuata dövlət dəstəyinin göstərildiyi nadir ölkələrdəndir. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi bu diqqətin bariz nümunəsidir: “Dövlət başçısının müvafiq sərəncamına əsasən, inşa olunan 156 mənzilli bina 2013-cü ildə jurnalistlərin istifadəsinə verilib. Jurnalistlər üçün inşası davam etdirilən 256 mənzildən ibarət yeni binanın isə gələn il mətbuat nümayəndələrinin ixtiyarına verilməsi planlaşdırılır”.

    Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında yubiley münasibətilə “Qafqazinfo”nun kollektivini təbrik edib, onlara uğurlar arzulayıb.

    Tədbirdə “Qafqazinfo.az” portalının bir qrup əməkdaşına xüsusi mükafatlar təqdim olunub.

    Yubiley mərasimi maraqlı konsert proqramı ilə davam edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi