Azərbaycan Prezidenti: "Mən də öz işimdə mediadan gələn xəbərlərə istinad edirəm"

Azərbaycan Prezidenti: "Mən də öz işimdə mediadan gələn xəbərlərə istinad edirəm" Bakı. 12 fevral. REPORT.AZ/ Mən Azərbaycan mediasına həmişə böyük dəstək göstərmişəm. Mənim media nümayəndələri ilə çoxsaylı görüşlərim bunun əyani sübutudur və həmişə çalışmışam ki, öz işimlə medianın inkişafına dəstək verim. Şadam ki, Azərbaycan mediası bu gün ölkəmizin həyatında önəmli rol oynayır.
Media
12 Fevral , 2019 23:46
Azərbaycan Prezidenti: Mən də öz işimdə mediadan gələn xəbərlərə istinad edirəm

Bakı. 12 fevral. REPORT.AZ/ "Mən Azərbaycan mediasına həmişə böyük dəstək göstərmişəm. Mənim media nümayəndələri ilə çoxsaylı görüşlərim bunun əyani sübutudur və həmişə çalışmışam ki, öz işimlə medianın inkişafına dəstək verim. Şadam ki, Azərbaycan mediası bu gün ölkəmizin həyatında önəmli rol oynayır".

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanın dövlət başçısı İlham Əliyev REAL televiziyasına geniş müsahibəsində deyib:

"Deyə bilərəm ki, mən də öz işimdə mediadan gələn xəbərlərə istinad edirəm, bəzi hallarda mediadan bir çox məsələləri öyrənirəm, dərhal reaksiya verirəm. Bu barədə mən bir neçə dəfə öz fikirlərimi bildirmişəm və hesab edirəm ki, gələcəkdə Azərbaycan mediası ölkəmizin həyatında bundan da böyük rol oynayacaqdır.

Onu da bildirməliyəm ki, bəzən belə bir sual verilir, nə üçün Prezident xarici mediaya daha çox müsahibə verir? Bunun iki səbəbi var. İstərdim ki, bu barədə də öz fikrimi bildirim, Azərbaycan mediası da bunu bilsin. Birincisi, bu gün Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq xüsusi əhəmiyyət daşıyan bir məsələdir. Çünki bu gün dünyada informasiya mübarizəsi gedir. Azərbaycana qarşı bir sıra hallarda çox əsassız ittihamlar irəli sürülür, qərəzli, saxta məlumatlar dərc edilir. Bunun məqsədi ölkəmizin imicinə zərbə vurmaq, ölkəmizi inkişaf, müstəqillik yolundan döndərmək və Azərbaycanı geridə qalmış ölkə kimi təqdim etməkdir. Ona görə xarici mediada bizim mövcudluğumuz, sözlərimizin çatdırılması xüsusi əhəmiyyət daşıyır. Yəni, bizə qarşı aparılan bütün bu təbliğatın qarşısında öz həqiqətlərimizi ortaya qoyuruq, Azərbaycanı müasir, güclü dövlət kimi tanıtdırırıq və ölkə haqqında həqiqətləri çatdırırıq. Bu, birinci səbəbdir. İkinci səbəb ondan ibarətdir ki, mən ölkə daxilində gedən işlərlə bağlı öz fikirlərimi müntəzəm olaraq müxtəlif formatda bildirirəm. Mənim çıxışlarımın bir çoxu hesabat xarakterlidir. Nazirlər Kabinetinin müntəzəm olaraq keçirilən toplantılarında həm görülmüş işlərə qiymət verilir və ən önəmlisi görüləcək işlər haqqında danışılır. Regional inkişaf proqramlarının icrası ilə bağlı tədbirdə il ərzində görüləcək işlər haqqında çox aydın ifadələr ortaya qoyulur. Beləliklə, Azərbaycan vətəndaşları həm məndən eşidirlər ki, hansı işlər görülüb, biz harada uğurlara nail olmuşuq, harada hələ ki, həll olunmamış problemlər, nöqsanlar var və həm də görüləcək işlərlə bağlı fikirlər ortaya qoyulur. Müxtəlif mövzularla bağlı müntəzəm olaraq öz fikirlərimi çatdırıram. Yenə də deyirəm ki, bu, həm hesabat xarakterli, həm də görüləcək işlər, istiqamətlərlə bağlı, istiqamətverici çıxışlardır. Ona görə bu məsələ ilə bağlı iki amil mövcuddur və istərdim ki, Azərbaycan mətbuatı bunu bilsin. Ancaq, eyni zamanda, bugünkü müsahibəmiz onu göstərir ki, mən həmişə Azərbaycan mətbuatına da açıq olmuşam, bundan sonra da belə olacaq".

Son xəbərlər

Orphus sistemi