​MTRŞ: “Sevimli şou” verilişində dəyişikliyin olmadığını demək ədalətsizlik olardı

​MTRŞ: “Sevimli şou” verilişində dəyişikliyin olmadığını demək ədalətsizlik olardı “Ən azından, artıq əvvəlki kimi, aparıcının iri hərflərlə adı yazılmış lövhə studiyada yoxdur”
Media
2 Mart , 2016 09:44
​MTRŞ: “Sevimli şou” verilişində dəyişikliyin olmadığını demək ədalətsizlik olardı

Bakı. 2 mart. REPORT.AZ/ "Artıq Space TV-nin efirində əvvəlki "Sevimli şou"dan müəyyən qədər fərqli bir verilişi müşahidə edirik".

Bunu "Report"a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) şöbə müdiri Təvəkkül Dadaşov deyib.

Şöbə müdiri bildirib ki, verilişdə əvvəlki toyxana əhvali-ruhiyyəsi xeyli dəyişilib: "Bəzən belə fikirlər deyilir ki, verilişdə heç bir dəyişiklik yoxdur, aparıcı yenə əvvəlki aparıcını təkrarlayır: "Sevimli şou" verilişində heç bir dəyişikliyin olmaması ilə bağlı fikirlər heç də həqiqəti əks etdirmir. Verilişin şou-əyləncə xarakteri nəzərə alınmalıdır. Aparıcı əlbəttə ki, tamaşaçı auditoriyasını qıcıqlandıracaq süni davranış və ifadələrə yer vermədən şou-veriliş aparıcısı kimi dinamikliyini qoruyub-saxlamalıdır. Çünki format bunu tələb edir. Verilişdə dəyişikliyin olmadığını demək ədalətsizlik olardı. Çünki ən azından, artıq əvvəlki kimi, aparıcının iri hərflərlə adı yazılmış lövhə studiyada yoxdur. Studiyadakı tamaşaçı auditoriyasında baş verənlərin hər "seçmə" anı əvvəlki kimi müxtəlif rakurslardan məqsədyönlü şəkildə nümayiş olunmur. Artıq bu verilişdə bəstəkar mahnılarına, ciddi sənətkarların ifalarına yer verilir. İnanmaq olar ki, veriliş getdikcə milli teleməkanın yaxşı mənada seçilən şou-verilişlərindən birinə çevriləcək".

T.Dadaşov qeyd edib ki, "Space TV"nin ictimaiyyətin həmin verilişlə bağlı narahatlıqlarına müsbət reaksiyası təqdirəlayiqdir: "Bu hal kanalın milli efirin saflaşdırılması, verilişlərin səviyyəsinin yüksəldilməsi, bayağılığın aradan qaldırılması işinə töhfəsidir".  

Son xəbərlər

Orphus sistemi