Yuxarı

MTRŞ: Rüfət Axundov mətbuata təqdim etdiyi görüntüləri özü montaj edib

MTRŞ: Rüfət Axundov mətbuata təqdim etdiyi görüntüləri özü montaj edib

“Space TV-də “Hər səhər” verilişində Rüfət Axundov mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib. Bu, verilişin 09.52 və 09.53-cü dəqiqəsində qeydə alınıb”.

Bunu “Report”a Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Asəf Hacıyev deyib.

O qeyd edib ki, R.Axundovun özünə bəraət qazandırmaq üçün mətbuata təqdim etdiyi görüntüləri isə özü montaj edib.

MRTŞ rəsmisi bildirib ki, bu məsələdə əsas günah efirin səs rejissorunda olub: “Həmin vaxt heç rejissor da yerində olmayıb. Canlı efir bitəndə mikrofon bağlanılmalıdır. Halbuki bu, edilməmişdi. Çünki efir nəzarətsiz qalanda iş bu yerə gəlib çıxır. Ümumiyyətlə, efirə qonaq dəvət ediləndə diqqətli seçim edilməlidir ki, nəticədə belə hal yaşanmasın. Biz kanal rəhbərliyini Şuraya dəvət edəndə məsələdən xəbərdar olmadıqlarını dedilər. Görüntüləri nümayiş etdirəndə bizimlə razılaşdılar. Artıq bu gün televiziya və radio rəhbərlərinə şifahi xəbərdarlıq ediləcək ki, Rüfət Axundovun efirə çıxmasına məhdudiyyət qoyulsun. Bundan sonrakı proses artıq kanal və radio rəhbərlərinin biləcəyi işdir”.

A.Hacıyev əlavə edib ki, iş Yasamal rayon məhkəməsinə göndərilib, qeyri-etik ifadələrin yer aldığı görüntərə baxılaraq araşdırma aparılacaq.

Xatırladaq ki, MTRŞ aprelin 5-də kanal rəhbərliyinin iştirakı ilə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 5-8 min manat cərimə olunmasına dair protokol tərtib edib.

Qeyd edək ki, “Space” TV-nin “Hər səhər” verilişində efirə getmiş ədəbsiz söz və ifadələr MTRŞ tərəfindən aparılan monitorinqlər zamanı aşkar edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi