Bakı. 6 noyabr. REPORT.AZ/ "Sirr deyildir ki, teleradio yayımçıları əhalini maarifləndirmək və məlumatlandırmaqla yanaşı, həm də əyləndirmək missiyasını həyata keçirirlər. Azərbaycan efirində geniş yer alan şou xarakterli verilişlər də elə daha çox məhz bu məqsədə xidmət edir. Təbiidir ki, tamaşaçı da şoulara əylənmək və sinirlərini sakitləşdirmək məqsədilə baxır. Lakin bəzi efir aparıcılarının şitliyi, müştəbehliyi, qoyulan mövzuların bəsitliyi və primitivliyi ucbatından tamaşaçı efirdən nəinki istədiyi zövqü ala bilmir, üstəlik ya əsəbiləşir, yaxud da yad və bayağı təsirlərə məruz qalır".
“Report” xəbər verir ki, bunu
Onun sözlərinə görə, bəzi teleaparıcılar bu gün efirin çox ciddi probleminə çevrilib:
"Etiraf edək ki, uğurlu seçim olmayan bəzi teleaparıcılar bu gün, sözün tam mənasında, efirimizin çox ciddi probleminə çevrilib. Nədənsə teleradio qurumlarının rəhbərləri insanların gözünü qabar etmiş olan bu cür başabəla aparıcılardan əl çəkmək istəmirlər. Məgər onları daha bacarıqlı, daha istedadlı və daha peşəkar insanlarla əvəz etmək olmaz?! Yəni, atalar demişkən “xoruz olmasa, sabah açılmayacaq?!”
Sədr müavini həmçinin bildirib ki, son vaxtlar bəzi telekanallarda sosial şəbəkələrin populyarlaşdırdığı, əslində isə əxlaqi və psixi durumunda problemləri olan insanlar üzərində şoular qurması, cəmiyyətimiz və mənəviyyatımız üçün əsla səciyyəvi olmayan tək-tək halların daha da şişirdilərək əcayib tərzdə tamaşaçıya təqdim olunması da çox ciddi ictimai narazılıq doğrurur.
"Teleradio yayımçılarının işi və qayğısı təkcə baxımlı proqramlar hazırlamaqla tamaşaçıların rəğbətini qazanmaqdan ibarət deyil. Bu, sadəcə onların gündəlik işinin görünən tərəfidir. Bununla yanaşı, onlar hazırladıqları efir materiallarından həm də qazanc əldə etmək barədə düşünürlər. Yəni, reytinq gətirən verilişlər hazırlanmalıdır ki, yaxşı reklamı da olsun. Doğrudur, dövlətin maliyyələşdirdiyi kanalların bu cəhətdən sıxıntısı yoxdur. Amma özəl yayımçılar bu yolda az qala hər qəpik uğrunda çarpışmalı olurlar. Çünki onlar məhz özlərinin qazancı hesabına maddi-texniki bazalarını təkmilləşdirir, işçilərin sosial təminatını yaxşılaşdırır, həm də dövlət büdcəsinə ödəmələr həyata keçirirlər. Lakin bu qəbildən olan qayğılarla bərabər özəl telekanallar həm də cəmiyyəti maarifləndirməyə, insanları Vətənimizə, dövlətimizə və xalqımıza məxsus dəyərlərin qorunmasına, yaşadılmasına və təbliğ edilməsinə səfərbər etməyə borcludurlar. Xatırladaq ki, bu məqam “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununda da öz əksini tapıb. Qanunun 32.0.1 maddəsində maarifçilik və mədəniyyət məsələlərinə üstünlük verilməsi, proqramların tarazlaşdırılması yolu ilə efirin kommersiya, informasiya, yaxud eyntipli digər verilişlərə yüklənməsinin qarşısının alınması əsas tələblər kimi öz əksini tapıb", - deyə o bildirib.