Yuxarı
    Bağlamaq

    MTRŞ: "Bəzən televiziya verilişlərində elə mövzular müzakirəyə çıxarılır ki, insanda ikrah hissi doğurur" - HESABAT

    İlqar Mikayıloğlu atalar sözünü təhrif edib, bunu bütün qadınlara şamil etməklə əslində onları təhqir edib

    Bakı. 10 aprel. REPORT.AZ/ "Özəl televiziyaların proqram səbətində neqativ hallar, tendensiyalar da kifayət qədərdir. Belə ki, bu gün telekanalların efirində ictimai əhəmiyyət kəsb etməyən mövzuların müzakirəyə çıxarıldığı ucuz şouların, milli-mənəvi dəyərlərə zidd, uşaq və yetkinlik yaşına çatmayanların inkişafına ziyan vura bilən halların baş alıb getməsi, efirin kommersiyalaşması və s. ciddi narahatlıq doğurur". "Report" xəbər verir ki, bu barədə 2014-cü ilin son və 2015-ci ilin ilk rübündə MTRŞ-nin Ekspertiza, proqramlaşdırma və analitik şöbəsi tərəfindən aparılan monitorinqlərin nəticələri ilə bağlı hazırladığı hesabatda bildirilir.

    Hesabatda qeyd edilir ki, teleefir üçün müzakirəyə çıxarılan və çözüm obyektinə çevrilən mövzuların məsuliyyəti böyükdür: "Amma bəzən elə mövzular müzakirəyə çıxarılır ki, insanda ikrah hissi doğurur. Məsələn, "Azad Azərbaycan" televiziyasında 18.02.2015-ci il tarixdə efirə gedən "Gün üzü" verilişində aparıcı İlqar Mikayıloğlu əlindəki dəmir xətkeşi masanın kənarına sürtməklə çıxardığı səsi "qadına" bənzətmiş və "Baxın, qadın budur! Kişilərin beynini xarab edir" deyib və bu fikri bir neçə dəfə təkrar edib. Aparıcı "qadının şərindənsə, gecənin şəri yaxşıdır" deməklə mövcud atalar sözünü təhrif edib, bunu bütün qadınlara şamil etməklə əslində onları təhqir edib.

    Space TV-nin bəzi tok-şou və publisistik verilişlərində, adətən milli mənəvi dəyərlərə zidd mövzular qoyulmasa da, veriliş boyu bayağı və yersiz müzakirələr baş alıb gedir. Toy adət-ənənələri, qısqanclıq, şou-biznes mövzuları ətrafında açılan süni və bayağı müzakirələrdə bu cür hallar açıq-aydın hiss edilməkdədir. "Kişilər evdə olmayanda", "Oturduğumuz yerdə", "Hələ bu harasıdır" kimi verilişlər buna misal ola bilər".

    Hesabatda bildirilib ki, ANS telekanalında yayımlanan "Adam içində" və "Bazar səhəri" verilişlərində tez-tez milli-mənəvi dəyərlərə zidd olan bayağı mövzular müzakirəyə çıxarılır: "Adam içində verilişi bu mənada “liderlik” edir. Verilişdə lokal problemlər, ailədaxili münaqişələr, əxlaqında və ya sağlamlığında problem olan insanların həyatı üzərində şou yaradılır. Məsələn, "Adam içində" verilişinin 27 yanvar tarixli buraxılışında 16 yaşlı qızın itkin düşməsi ilə bağlı məsələ müzakirə olunub və bu zaman qızın cinsi istismar məqsədilə artıq Türkiyəyə aparıldığı barədə aparıcı tərəfindən dəqiqləşdirilməyən məlumatlar səsləndirilib".

    Hesabata əsasən, birbaşa efirdə müzakirəyə çıxarılan bu tip mövzular, sonda nəticə etibarilə ailələr, qohumlararası münaqişələrə səbəb olur, həmin insanların təmsil olunduğu şəhər, qəsəbə və kəndlərdə çox ciddi gərginlik yaradır: "Əslində, sosial problemlərdən bəhs edən verilişə hər səpkidə müraciətlər ola bilər. Lakin yayımçı şou yaratmaq naminə ayrı-ayrı şəxslərin və ya ailələrin həyatına, yaxud da hüquq-mühafizə orqanlarının fəaliyyət sahəsinə aid olan həssas mövzulara müraciət edərkən son dərəcə diqqətli və ehtiyatlı olmalıdırlar".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi