Yuxarı

Azərbaycanda "Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişikliklər qəbul olunub - YENİLƏNİB

Qanunu kim pozsa, həmin mətbu orqan bağlanacaq

ilk xəbər saat 14:46-da yayımlanıb

Bakı. 16 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında “Kütləvi informasiya vasitələri haqqında” qanuna təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb. “Report”un xəbərinə görə, layihə haqda deputatlara məlumat verən MM-in İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib ki, dəyişikliklər KİV-lərin özünütənzimləməsini ehtiva edir.

O qeyd edib ki, təklif edilən dəyişikliklərə əsasən eyni və oxşar adların KİV orqanına verilməsi qadağan olunur: “Oxşar adlı nəşrlərə tez-tez rast gəlirik. Bəzən hansısa şəxs informasiya almaq istəyərkən özünü doğruldan agentliyə, qəzetə müraciət edir. Bu zaman eyni adda olan digər mətbu orqan məlumat verməklə onun reputasiyasına ziyan gətirir. Odur ki, təklif edilən dəyişikliklərə əsasən eyni və oxşar adların KİV orqanına qoyulması qadağan edilir. Bununla bağlı qanuna “oxşar adlar” anlayışı əlavə edilir. Eyni zamanda KİV orqanı qərəzli informasiyalara əsasən iki dəfə məhkəməyə verilirsə, bu zaman onun istehsalının dayandırılması haqda məhkəmə qarşısında iş qaldırıla bilər. Əvvəlki qanunda bu rəqəm üç göstərilirdi. Bu addımın atılması media sahəsində məsuliyyətin artırılması məqsədi daşıyır”.

R.Aslanova əlavə edib ki, layihəyə əsasən, KİV-lərin xarici ölkənin dövlət orqanı, fiziki və ya hüquqi şəxsi tərəfindən qanunazidd şəkildə maliyyələşdirilməsi aşkar edildikdə istehsalı dayandırıla bilər.

Komitə sədrinin sözlərinə görə, dəyişikliklər KİV sahəsində münasibətlərin daha təkmil tənzimlənməsi məqsədi daşıyır.

Deputat Zahid Oruc layihəyə təklif edilən dəyişiklikləri dəstəkləyib və bunun “mürtəce” adlandırılmasının düzgün olmadığını vurğulayıb. O qeyd edib ki, mətbuatda təhqirə görə heç kim məhkəməyə verilmir, başqa sözlə, diffamasiya gözlənilir: “Məncə, bu, yerində olan düzəlişdir. Kimlərsə bu gün özlərini beynəlxalq aləmə mücahid kimi göstərmək istəyirlərsə, jurnalist vəsiqəsi arxasında gizlənirlər. Əslində, onlar bəzi məkrli dairələrə, kəşfiyyat orqanlarına işləyirlər”.

Millət vəkili Siyavuş Novruzov bildirib ki, qanunda heç də məhdudiyyətlər nəzərdə tutulmur: “Qanunda göstərici ondan ibarətdir ki, bu qanunun tələblərini pozma. Qanunu kim pozsa, həmin mətbu orqan bağlanacaq. Mövcud dəyişiklik sadəcə həmin KİV-ləri haqq yoluna gətirməkdir”.

Qeyd edək ki, adıçəkilən qanun layihəsinə edilən dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi