Milli Məclis rəhbərliyi baş redaktorlarla görüş keçirib - YENİLƏNİB

Milli Məclis rəhbərliyi baş redaktorlarla görüş keçirib - YENİLƏNİB "Azərbaycan mətbuatı yarandığı gündən indiyə qədər şərəfli yol keçib"
Media
17 Fevral , 2017 13:42
Milli Məclis rəhbərliyi baş redaktorlarla görüş keçirib - YENİLƏNİB

*** saat 11:57

Bakı. 17 fevral. REPORT.AZ/ “Mətbuat Azərbaycan dövlətinin yaranması və inkişafı, xalqımızın formalaşması, qarşıda duran hədəflərə nail olunması istiqamətində daim özünəməxsus mövqe sərgiləyib, xalqın keşməkeşli anlarında proseslərin önünə keçməyi bacarıb”.

“Report”un məlumatına görə, bunu Milli Məclisin (MM) sədr müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova MM-də KİV rəhbərləri ilə görüşündə deyib.

B.Muradova bildirib ki, Azərbaycan mətbuatı yarandığı gündən indiyə qədər şərəfli yol keçərək bugünkü inkişaf səviyyəsinə çatıb: “Həm dövlətimizin yaranması, müstəqilliyini itirməsi, sonra yenidən bərpa etməsi, ərazi bütövlüyümüzün pozulması, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlər daim mətbuatda öz əksini tapıb”.

O qeyd edib ki, bu gün Azərbaycan mətbuatı daim dövlətin diqqətindədir: “Azərbaycan inkişaf edən bir ölkədir, müstəqillik qazandığı müddət ərzində bir çox nailiyyətlər əldə edib və bu nailiyyətlərdən bir qismi də mətbuatla bağlıdır. Mətbuatla bağlı qanunvericilik təkmilləşdirilib, mətbuata dövlət tərəfindən hərtərəfli dəstək göstərilir. Yenidən müstəqillik qazandıqdan sonra da mətbuat üzləşdiyi çətinlikləri ləyaqətlə dəf edib və demokratik cəmiyyətin yaranmasında özünəməxsus rol oynayıb. Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev mətbuatın fəaliyyəti üçün daim lazımi addımlar atıb və mətbuat bugünkü inkişaf səviyyəsinə çatıb. Biz parlament olaraq mətbuatın işinə çox böyük önəm veririk. Milli Məclisin fəaliyyəti hər zaman mətbuatın gözü qarşısındadır. Hakimyyətin qanadlarından biri kimi parlamentin fəaliyyətinin işıqlandırılmasında da mühüm rol oynayıb”.

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov bildirib ki, Azərbaycan xalqının inkişafında, milli təfəkkürünün inkişafında, milli mənliyinin meydana gəlməsində mətbuatın kifayət qədər rolu olub: “Bu gün əsas fikrimiz tanışlıqdır. Amma xahiş edirəm ki, biz bu görüşün statusunu aşağı salmayaq. Bu sayda media rəhbəri ilk dəfədir parlamentə toplaşıb. Məqsəd ölkə mediasının parlamentin işində, qanunvericilik bazasının hazırlanmasında daha yaxından iştirak etməsidir”.

O, bu gün Azərbaycanda 40-a yaxın gündəlik, 250-yə yaxın həftəlik qəzetin fəaliyyət göstərdiyini, bir o qədər də elektron media portalının mövcud olduğunu xatırladıb: “Azərbaycan mətbuatı vətənpərvər mətbuatdır. Hadisələrə müxtəlif aspektdən yanaşan mətbuatımız var. Bir məqsədimiz də odur ki, Milli Məclisin fəaliyyətini olduğu kimi göstərək. Bəzən bu istiqamətdə müəyyən tənqidlər ola bilər, lakin qərəzli yanaşma olmamalıdır”.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu çıxışında parlamentdə jurnalistlər üçün yaradılan şəraitdən razı olsa da, telefonların alınmasından narahat olduğunu deyib: “Bu, məlumatların yayımlanmasında operativliyə mane olur. Ürəyimiz və könlümüz istər ki, dəstək eyni zamanda elektron mediaya verilsin. Çünki elektron media ilə anındaca sərhədə çıxmaq mümkündür. Müxtəlif dillərdə Azərbaycan həqiqətlərini dünyaya vaxtında çatdıra bilərik. Çünki o həqiqətlər bizim üçün həyati məsələdir”.

 “Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev deyib ki, hərbi jurnalistika sahəsində müvafiq qanun layihəsinin hazırlanmasına ehtiyac var

Onun sözlərinə görə, qanun layihəsində həm jurnalistlərin fəaliyyəti, həm də sığortası ilə bağlı məsələlər öz əksini tapa bilər: “Hazırda hər hansı elektron, yazılı və ya televiziya jurnalistinin hərbi sahəyə göndərilməsinin özü mühüm prosesdir. Çünki orada istənilən hadisə baş verə bilər. Jurnalistlərin bu məsələlərdən sığortalanması, senzuraya məruz qalan ərazilərdə onların nə ilə üzləşməsi qanunla tənzimənməlidir. Son vaxtlar dünyanın hər yerində həlak olan jurnalistlərin bir çoxu məhz hərbi jurnalistika ilə bağlıdır. Bu baxımdan, hərbi jurnalistika sahəsində qanun layihəsinun hazırlanmasına ehtiyac var”.

Qeyd edək ki, görüşdə B.Muradova və Ə.Amaşovla yanaşı MM Aparatının rəhbəri Səfa Mirzəyev, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, MM-in mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu, habelə, ölkənin aparıcı KİV-lərinin baş redaktorları iştirak edib.

Son xəbərlər

Orphus sistemi