Yuxarı

Mətbuat Şurasının Ali Media Mükafatının 2015-ci il üçün laureatlarının adları açıqlanıb

Birinci dərəcə üzə laureat 5000 manatla mükafatlandırılıb

Bakı. 23 iyul. REPORT.AZ/ “Gülüstan” sarayında milli mətbuatın 140 illik yubileyi ilə bağlı keçirilmiş təntənəli mərasimdə Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatının 2015-ci il üçün laureatlarının adları açıqlanıb. “Report”un xəbərinə görə, birinci dərəcə üzrə 1, ikinci dərəcə üzrə 2, üçüncü dərəcə üzrə 5 laureat mükafatlandırılıb. Üçüncü dərəcə üzrə laureatların hər birinə 1000, ikinci dərəcə üzrə 2000 manat pul mükafatı təqdim edilib. Birinci dərəcə üzə laureat isə 5000 manatla mükafatlandırılıb.

Beləliklə, III dərəcə üzrə laureatlar:

Esmira Cavadova, AMEA-nın əməkdaşı, tədqiqatçı-alim - Azərbaycanın mətbu irsinin öyrənilməsindəki xidmətlərinə görə təltif edilib.

Bahəddin Həziyev, “Bizim yol” qəzetinin baş redaktoru - Azərbaycan mətbuatının inkişafındakı xidmətlərinə görə təltif edilib.

İlqar İlkin, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin orqanı olan “Birlik” jurnalının baş redaktoru - Türk dünyasının media qurumları ilə səmərəli əməkdaşlığın yaradılması və inkişafındakı xidmətlərinə görə təltif edilib.

Ziyalı publisistlər Nizami Məmmədzadə və Mahmud Kamal - “Gürcüstanın azərbaycanlı jurnalistləri” kitabına görə təltif edilib.

CBC telekanalı - Azərbaycan həqiqətlərinin dünyada təbliğinə görə təltif edilib.

II dərəcə üzrə laureatlar

Aydın Quliyev, “Bakı xəbər” qəzetinin baş redaktoru

Müşfiq Ələsgərli, Jurnalistlərin Həmkarlar İttifaqının sədri

Azərbaycana qarşı aparılan anti-təbliğatla media müstəvisindəki fəal mübarizələrinə görə təltif ediliblər.

I dərəcə üzrə laureat:

“Kaspi” qəzeti - Azərbaycanın mətbuat irsinin qorunmasındakı xidmətlərinə görə təltif edilib.

“UBM Group” şirkəti isə I Avropa Oyunlarının təşkilindəki xidmətlərinə görə Ali Media Mükafatının xüsusi dərəcəsi ilə təltif olunub.

Qeyd edək ki, Ali Media Mükafatının 2015-ci il üçün laureatlarına həmçinin “Paşa Bank”ın hədiyyələri də təqdim olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi