Mətbuat Şurasında bir qrup internet informasiya resursu təmsilçisi ilə görüş keçirilib

Mətbuat Şurasında bir qrup internet informasiya resursu təmsilçisi ilə görüş keçirilib Şuranın tövsiyələri sayt təmsilçilərinin diqqətinə çatdırılıb
Media
14 Yanvar , 2016 18:44
Mətbuat Şurasında bir qrup internet informasiya resursu təmsilçisi ilə görüş keçirilib

Bakı. 14 yanvar. REPORT.AZ/ Bu gün bir qrup internet informasiya resursu təmsilçisi Azərbaycan Mətbuat Şurasında qəbul edilib. Bu barədə “Report”a Şuradan məlumat verilib.

“Azpolitika.info”, “Arqument.az”, “Mia.az”, “Reaksiya.az” və başqa saytların nümayəndələrinin qatıldıqları görüş zamanı həmin media orqanlarının, habelə digər informasiya resurslarının son zamanlar yaydıqları materiallar müzakirə mövzusuna çevrilib.

Mətbuat Şurasının apardığı monitorinq zamanı sözügedən materiallarda müxtəlif bölgələrdə ayrı-ayrı şəxslər tərəfindən düzənlənmiş aksiyaların xalq etirazları kimi göstərildiyi müəyyənləşdirilib. Belə ki həmin materiallar dəqiqləşdirilmədən təqdim edilib, əsasən “facebook” sosial şəbəkəsindəki saxta profillərdə paylaşılanlar mənbə olaraq seçilib. Materiallarda həmçinin ayrı-ayrı vəzifəli şəxslər cinayət əməllərində ittiham olunub, yeni aksiyaların vaxtı anons edilib, bir çox hallarda təhrikedici mövqe ortaya qoyulub.

Bu kimi məsələlər barədə görüş iştirakçıları ətraflı məlumatdırılıb. Bildirilib ki, hər bir kütləvi informasiya vasitəsi ictimai əhəmiyyət daşıyan məsələlər barədə məlumat yayımlamaqda sərbəstdir. Bu hüquq Azərbaycan qanunvericiliyi ilə təsbit edilib, “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nda da əksini tapıb. Heç bir halda KİV-lərin azad fəaliyyəti məhdudlaşdırıla bilməz. Bununla belə media cəmiyyət üçün mühüm əhəmiyyət daşıyan məsələlərə yanaşmada həssas olmalı, hadisə və proseslərə münasibətdə obyektivliyi gözləməlidir. Xalq və dövlət üçün müstəsna əhəmiyyət daşıyan məqamlarda reytinq, oxucu kütləsi cəlb etmək naminə sui-istifadələr yolverilməzdir.

Görüş zamanı MŞ-nin mövcud istiqamətdə tövsiyələri sözügedən internet sayt təmsilçilərinin diqqətinə çatdırılıb, həmçinin bu mövzuda müzakirələr aparılaraq qarşılıqlı maraq doğuran məqamlara aydınlıq gətirilib.

Son xəbərlər

Orphus sistemi