Yuxarı
    Bağlamaq

    ​Mətbuat Şurası informasiya saytlarından birinə xəbərdarlıq edib

    Şuranın Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib

    Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.

    Şuradan "Report"a verilən məlumata görə, MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun başçılıq etdiyi komissiyanın üzvləri 4 məsələni araşdırıblar.

    İclasda Milli Məclisin deputatı Bəxtiyar Sadıqovun və Ağdam rayonunun bir qrup təhsil işçisinin, əmək və müharibə veteranının "Cəmiyyət" İnformasiya Agentliyi ("cia.az") ilə bağlı müraciətinə baxılıb. Komissiya informasiya agentliyindən şikayət doğuran materialları tərəflərin iştirakı ilə müzakirə edərək rəyə gəlib ki, həmin nümunələrin təqdimatında "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın əksər prinsip və bəndlərinin tələbləri pozulub. İnformasiya agentliyinin Ağdam Rayon Təhsil Şöbəsi və onun rəhbərliyi barədə gedən yazılarında şərəf və ləyaqətin təhqirinə, işgüzar nüfuzun ləkələnməsinə yönələn fikirlər yer alıb. Ümumən yazı konkret sənədlərə, dəlil-sübutlara deyil, mülahizələrə əsaslanıb. Çıxışlarda vurğulanıb ki, "cia.az" mahiyyətində açıq qərəz nəzərə çarpan belə materialları çapa hazırlamazdan əvvəl həm də Ağdamın cəbhəyanı bölgə olduğunu nəzərdən qaçırmamalı idi.

    "Cəmiyyət" İA-nın baş redaktoru Asəf Novruzov iradlarla razılaşıb, yanlışlıqların aradan qaldırılmasına hazır olduğunu diqqətə çatdırıb. Komissiya onun mövqeyini məqbul hesab edib və agentliyə Şuranın xəbərdarlığı olunub.

    İclasda "Moderator.az" xəbər portalının baş redaktoru Zülfuqar Hüseynzadə etiraf edib ki, saytın 28 fevral 2015-ci il tarixdə yayımladığı "Haqq çağırıb haqqa çatdı. Akif Məhərrəmli" sərlövhəli yazıda mətnə aid olmayan şəxsin fotosunu yerləşdirməklə texniki yanlışlığa yol verib. Nəticədə "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın müvafiq bəndinin tələbi pozulub. Baş redaktor saytın səhvən yerləşdirdiyi fotodakı şəxsdən - Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlidən üzrxahlığa, təkzib verməyə hazır olduğunu vurğulayıb.

    "AAAF İnşaat" MMC-nin "Bizim yol" qəzetindən şikayətinə baxılarkən mətbu nəşrə qarşı tərəfin mövqeyinin dərci tövsiyə olunub.

    İclasda rəyə gəlinib ki, Mətbuat Şurasının "Azərbaycan naminə" qəzeti barədə daha dolğun qərarının çıxarılması üçün məsələyə "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasında da baxılmalıdır. Çünki Bakı şəhərindəki "Saraclı" kafesinin sahibinin bu KİV barədə şikayətinin motivlərində həmin komissiyanın araşdırmalı olduğu məqamlar var.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi