Yuxarı

Mətbuat Şurası Dövlət Neft Fondu ilə birlikdə jurnalistlər arasında yazı müsabiqəsi elan edib

Yazıların Azərbaycan Mətbuat Şurasının “qara siyahı”sında yer alan kütləvi informasiya vasitələrində yayımlanması yolverilməzdir

Bakı. 20 sentyabr. REPORT.AZ/ Azərbaycan Mətbuat Şurası Dövlət Neft Fondu ilə birlikdə “Azərbaycanın müstəqilliyinin iqtisadi bünovrəsində milli neft strategiyasının rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondu milli neft strategiyasının tərkib hissəsi kimi” mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında analitik yazı müsabiqəsi keçirir.

Şuradan “Report”a verilən məlumata görə, müsabiqə Azərbaycanın Dövlət Müstəqilliyinin 25-ci ildönümü münasibətilə baş tutacaq.

I. Mükafatlandırma

I yer - 1 nəfər - 1000 manat

II yer - 1 nəfər - 800 manat

III yer - 1 nəfər - 600 manat

Həvəsləndirici mükafat – 5 nəfərədək (hər biri) – 200 manat

Müsabiqədə yer tutacaq şəxslərin adları 2016-cı il dekabr ayının 5-dək açıqlanacaq.

II. Müsabiqə şərtləri

Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:

- Materialların ümumən mövzunu, konkret olaraq nəzərdə tutulan istiqaməti dolğun əhatə etmə səviyyəsi;

- Analitik keyfiyyətlər, faktların və məsələlərin düzgün təhlili;

- Faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti;

- İfadə vasitələrinin zənginliyi;

- Oxucu üçün informasiyalılıq dərəcəsi;

- Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisə;

Müsabiqəyə sentyabrın 21-dən noyabrın 21-dək müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq;

Müsabiqə üçün dil məhdudiyyəti nəzərdə tutulmur;

Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır;

Yazıda “Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə Azərbaycan Mətbuat Şurasının “Azərbaycanın müstəqilliyinin iqtisadi bünovrəsində milli neft strategiyasının rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondu milli neft strategiyasının tərkib hissəsi kimi” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur” qeydi olmalıdır.

Qeyd: Yazı müəllifinin konkret kütləvi informasiya vasitəsində çalışması şərtdir.

Müsabiqə üçün təqdim ediləcək material müəllifin çalışdığı KİV-də

yayımlanmaya da bilər.

Müsabiqəyə təqdim edilmiş yazıların Azərbaycan Mətbuat Şurasının “qara siyahı”sında yer alan kütləvi informasiya vasitələrində yayımlanması yolverilməzdir.

III. Yazıların təqdim edilməsi

Müsabiqə üçün yazılar ayrıca zərfdə şəxsən təqdim olunmalıdır.

Təqdimat zərfində yer almalıdır:

- yazı təqdim edən şəxsin konkret kütləvi informasiya vasitəsində işlədiyini təsdiqləyən sənədin surəti;

- yazı təqdim edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti;

- yazı təqdim edən şəxsin əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu;

- müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi;

- materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi (nüsxələrdə müəllifinin adı göstərilməməlidir);

- diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmamaqla);

- yazı elektron media resursunda yayımlanıbsa, diskdə yazının linki göstərilməlidir.

Müsabiqə üçün yazılar sentyabrın 21-dən noyabrın 22-dək həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı - Azərbaycan Mətbuat Şurasının ofisi) qəbul ediləcək.

Təqdimat prosesində müsabiqə qaydalarının hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və material qəbul edilməyəcək.

Əlaqə telefonu:

(012) 441 35 30

(050) 534 93 26

(055) 201 99 26

(055) 211 31 50

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi