Avropa KİV-ləri həyəcan təbili çalır: "Köhnə qitə"də söz azadlığı ciddi təhlükə altındadır

Avropa KİV-ləri həyəcan təbili çalır: "Köhnə qitə"də söz azadlığı ciddi təhlükə altındadır Avropanın başlıca dəyərlərindən olan söz azadlığı ciddi təhlükə altındadır.
Media
30 May , 2019 11:13
Avropa KİV-ləri həyəcan təbili çalır: Köhnə qitədə söz azadlığı ciddi təhlükə altındadır
www.publishing-congress.com

Avropanın başlıca dəyərlərindən olan söz azadlığı ciddi təhlükə altındadır.

“Report” xəbər verir ki, bu fikir bu il may ayının ortalarında Vyanada keçirilən Avropa Qəzetçilik Konqresində (European Newspaper Congress) istər siyasətçilərin, istərsə də jurnalistlərin məruzələrindəki başlıca mövzu təşkil edib.

Belə ki, tədbirin açılış nitqində Avropa cəmiyyəti üçün olduqca mühüm məsələ olan söz azadlığının hazırda müəyyən təhlükələrlə üz-üzə olduğunu söyləyən Avstriya federal kansleri Sebastian Kurz (Sebastian Kurz) əsas təhlükənin məhz sərbəst ifadə üçün geniş imkanlar açdığı güman edilən sosial şəbəkələrdən gəldiyini vurğulayıb (qeyd edək ki, material hazırlanarkən, mayın 28-də Avstriyanın federal prezidenti Aleksander Van der Bellen Sebastyan Kurtsun başçılıq etdiyi hökuməti istefaya göndərib- red). Belə ki, bəzi məsuliyyətsiz siyasətçilər öz xəbis niyyətlərini gerçəkləşdirmək, o cümlədən müəyyən ifrat fikirlər yaymaq üçün sosial şəbəkələrdən geniş istifadə etməyə başlayıblar. “15 ildir siyasətin içində olan biri kimi bu gün siyasət və media müzakirələrində daha acıqlı, kinli-küdurətli ab-hava olduğunu bildirməliyəm” – deyən hökumət başçısı Avropanın artıq siyasət və media mədəniyyətini itirmək astanasına gəldiyini və səmərəli əməkdaşlıq üçün qarşılıqlı nəzakət qaydalarına əməl etməyin vacib olduğunu dilə gətirib.

Avstriya federal kansleri Sebastian Kurz

Avstriya Baş naziri həmçinin Avropa dövlətlərini İT şirkətləri üçün qüvvədə olan böyük vergi güzəştlərini ləğv etməyə çağırıb.

Avropanın ən iri media holdinqlərindən olan “Hubert Burda Media”nın Direktorlar Şurasının üzvü Filip Velte (Philipp Welte) də çıxışında söz azadlığı üçün təhlükə mövzusuna əsas diqqət yetirərək, jurnalistlər haqqında mənfi fikirləri ilə tanınan hazırda İtaliya Baş nazirinin müavini və daxili işlər naziri Matteo Salvinini misal çəkib. “Böyüklərimizin bizə qoyub getdikləri dəyərlərin sonu göz qabağındadır” – deyə hazırkı haqsız rəqabət şərtlərində “Gooqle”, “Facebook” kimi sərbəst xəbərçilik platformlarının ənənəvi nəşrləri sıxıştırdığını, buna qarşı Avropa İttifaqı tərəfindən müvafiq tədbirlərin zəruri olduğunu diqqətə çatdıran natiq hazırda Avropada ənənəvi KİV-lərin məcmu illik gəlirinin 950 milyon avro olduğu halda təkcə “Facebook”un Avropada 1,2 milyard avroluq illik qazanc götürdüyünü xatırladıb.

“Hubert Burda Media”nın direktorlar şurası üzvü Filip Velte

Ənənəvi KİV-in mötəbər məlumatlar yayaraq qanun qarşısında cavabdeh olduğu halda sosial şəbəkələrin də əslində xəbər mənbəyinə çevrilməsinə baxmayaraq, yaydığı məlumatlara görə hər hansı məsuliyyət daşımadığını qeyd edən F.Velte “Facebook”da müxtəlif “fake news”ların dürüst xəbərlərə nisbətən daha çox "like" və maraq cəlb etdiyini diqqətə çatdırıb. Həmçinin, holdinq nümayəndəsi söz azadlığı naminə, habelə “Avropa media məkanını zəbt edən” ABŞ şirkətlərinin qarşısını almaq üçün islahatlar aparmağa çağırıb.

Son illər Avropa Qəzetçilik Konqresinin gündəmində əsas müzakirə mövzularından olan “fake news” məsələsi müasir media və ümumiyyətlə, söz azadlığı üçün başlıca təhlükələrdən biri qismində qəbul olunur. Belə ki, mediada yeni bir hal olan "clickbait" online reklamdan gəlir əldə etmək məqsədi ilə click sayını artırmaq, yazının internetdə, o cümlədən sosial şəbəkələrdə yayılmasını təşviq etmək üçün yerləşdirilən “gözəgirən” başlıq, yaxud cəlbedici şəkillərə deyilir. 

Bu məsələyə dair geniş məruzə təqdim edən rumıniyalı jurnalist, “WebCultura” saytının rəhbəri Sorin Tudor reklam əldə etmək naminə daha çox klik cəlb etmək, reytinqi artırmaq, yaxud sosial şəbəkələrdə “şöhrət” qazanmaq hərisliyi ucbatından feyk xəbərləri axınının günü-gündən artdığını diqqətə çatdırıb. Həmçinin "clickbait" məsələsindən danışan natiq burada məqsədin hər hansı hadisəni doğru-dürüst çatdırmaq yox, istifadəçiləri nə yolla olur-olsun səhifəyə daxil olmağa vadar etmək olduğunu vurğulayıb.

“RBK” saytının rəhbərləri İqor Trosnikov və Yelizabet Qolikova

Rusiyanın “RBK” saytının rəhbərləri İqor TrosnikovYelizabet Qolikova da təqdimat verərək "clickbait" dünyasında artıq təhlil və ciddi jurnalistikaya ehtiyac duyulmadığını, əvəzində əhəmiyyətsiz, boş səs-küydən başqa bir şey olmayan sensasiya xarakterli xəbərlərinin baş alıb getdiyini diqqətə çatdırıblar. 

E.Qolikova da ənənəvi media üçün təhlükə olaraq səciyyələndirdiyi "clickbait" üzündən trafik keyfiyyətinin azaldığını, oxucu təbəqəsinin aşınmaya məruz qaldığını, brendın da nüfuzdan düşdüyünü, xəbərləri yoxlamaq üçün xeyli vaxt və qüvvə sərf etmək lazım gəldiyini qeyd edib: “İndi şəbəkədə peyda olan xəbərləri yoxlamaq üçün ayrıca bölmə yaratmağa məcbur olmuşuq”.

Feyk xəbərlər mövzusu daha sonra Azərbaycan, Gürcüstan, Qazaxıstan, Ukrayna, Rusiya media kapitanlarının iştirakı ilə də ayrıca müzakirə olunub.

A panel discussion with George Sharashidze, Editor-in-Chief Georgia Today, Sergii Golovnov, Editor-in-Chief Business censor.net, Murad Aliyev, Editor-in-Chief Report News Agency, Dmitry Kolezev, Editor-in-Chief Znak.com, Denis Krivosheyev, Blogger

Qeyd edək ki, hər il olduğu kimi, builki konfrans da JTI (“Japan Tobacco International”) şirkətinin sponsorluğu ilə baş tutub. Azərbaycan jurnalistlərinin konfransda iştirakı bu şirkətin Azərbaycan nümayəndəliyinin dəstəyi ilə mümkün olub. 

Son xəbərlər

Orphus sistemi