Yuxarı

​KİV nümayəndələri Gəncədə tarixi abidələri ziyarət ediblər

Növbəti səfər İsmayıllı rayonuna olacaq

Bakı. 1 dekabr. REPORT.AZ/ “Demokratik İslahatçı Gənclər” İctimai Birliyinin Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Səfir olsaydım - Azərbaycanı necə təbliğ edərdim?” adlı layihəsi çərçivəsində media nümayəndələri Gəncəyə səfərin ikinci günü şəhərin tarixi memarlıq abidələri, müasir dövrdə tikilən çoxsaylı obyektlərə baş çəkiblər.

"Demokratik İslahatçı Gənclər" İctimai Birliyindən verilən məlumata görə, media nümayəndələri öncə dahi Azərbaycan şairi şeyx Nizaminin məqbərəsini və Nizami muzey kompleksini ziyarət ediblər. Muzeylə tanışlıq zamanı Nizaminin bir sıra xarici ölkələrdən gətirilmiş XIV-XV əsrlərdə köçürülmüş əlyazmalarının foto-surətləri media nümayəndələri tərəfindən maraqla qarşılanıb.

Səfərin ikinci günü Gəncənin 2016-ci il “Gəncə Avropa Gənclər Paytaxtı”na hazırlıq fonunda media nümayəndələri turistlər üçün maraqlı olan bir çox obyektlərlə - Gəncə Qala Qapıları, Məhsəti Gəncəvi adına Mədəniyyət Mərkəzi və Nizami Muzeyi, Uşaq Yaradıcılıq Mərkəzi kimi yeni tikililər, Gəncə Dövlət Kukla Teatrı, “İmamzadə” dini memarlıq kompleksi ilə tanış olublar.

Səfərin sonuncu günü media nümayəndləri “Göy-göl İstirahət Turizm Kompleksi”ndə olublar. Qeyd edək ki, sakinlər hazırda səhər saat 09:00-dan 22:00-a kimi qoruq ərazisinə daxil ola bilirlər. Qoruq ərazisinə giriş uşaqlar üçün pulsuz, böyüklər üçün isə 2 manatdır. Avtomobil dayanacağında avtomobili saxlamağın 1 saatı 50 qəpikdir. Qeyd edək ki, “Göygöl Dövlət Təbiət Qoruğu” Azərbaycanda yaranan ilk qoruqdur. Qoruğun ərazisi 6 732 hektardır.

Xatırladaq ki, növbəti səfər İsmayıllı rayonuna olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi