​Jurnalist Şəmsiyyə Kərimovanın 60 illik yubileyi münasibətilə toplantı keçirilib

​Jurnalist Şəmsiyyə Kərimovanın 60 illik yubileyi münasibətilə toplantı keçirilib Onun yeni çapdan çıxmış kitabının təqdimatı da olub
Media
4 Mart , 2016 19:02
​Jurnalist Şəmsiyyə Kərimovanın 60 illik yubileyi münasibətilə toplantı keçirilib

Bakı. 4 mart. REPORT.AZ/ Jurnalist Şəmsiyyə Kərimovanın 60 illik yubileyinə həsr olunmuş toplantı keçirilib.

Mətbuat Şurasından (MŞ) "Report"a verilən məlumata görə, Ahıl Jurnalistlər Məclisinin düzənlədiyi tədbir eyni zamanda yubilyar qələm sahibinin yeni çapdan çıxmış kitabının təqdimatı ilə də yadda qalıb.

Milli Məclisinin deputatı, MŞ sədri Əflatun Amaşov bildirib ki, Ş.Kərimovada yaradıcılığa meyl özünü hələ orta məktəb illərində göstərib. Məqalələri müxtəlif mətbuat orqanlarında dərc edilib. “Azərbaycan gəncləri” qəzetindəki yazısı həmin vaxt keçirilmiş müsabiqədə qalib də olub. “Şəmsiyyə xanım Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdikdən sonra AzTV-də, bir sıra nüfuzlu qəzetlərdə, o cümlədən “Azərbaycan gəncləri”ində çalışıb. 8 il “İki sahil” qəzetində işləyib. Hazırda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təsis etdiyi “Yeni təfəkkür” qəzetinin baş redaktorudur. Onun olduqca nəcib missiya yetirən təşkilatın mətbu orqanına rəhbərlik etməsi düşünürəm ki, sıradan məsələ deyil. Bu, jurnalistin xarakterinin göstəricisidir. Bizlər Şəmsiyyə xanımı fədakar jurnalist, qələmi ilə məlhəm olan həmkar kimi tanımışıq”, - deyən Ə.Amaşov əlavə edib ki, Ş.Kərimovanın jurnalistlik fəaliyyəti Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirirlib. 2010-cu ildə o, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb. MŞ sədri yubilyarı rəhbərlik etdiyi qurumun diplomu ilə də təltif edib.

Deputat, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruzəli Aslanov yubilyar jurnalisti səmimi və qayğıkeş dost, əsl yaradıcılıq adamı kimi xarakterizə edib. Təqdimatı keçirilən “Şəmsiyyənin kitabı”ndan söz açan deputat nəşri müəllifin 40 illik zəhmətinin bəhrəsi kimi dəyərləndirib.

MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədri, veteran jurnalist Yusif Kərimov “Şəmsiyyənin kitabı”nı 60 yaşlı yubilyar qələm sahibinin jurnalist fəaliyyətinin hesabatı adlandırıb. “Bu hesabat nədən ibarətdir? Kitabda əsasən Şəmsiyyə Kərimovanın qələm dostları, həmkarları ilə bağlı oçerkləri toplanıb. O oçerklər isə bütöv bir tarixi mərhələyə işıq salmaq baxımından önəmlidir”, - deyə o vurğulayıb.

Tədbirdə çıxış edənlərdən Milli Məclisin deputatı Tahir Rzayev, yubilyarın həmkarları Telli Pənahqızı, Məzahir Süleymanzadə, Qafar Əsgərzadə və başqaları Ş.Kərimovanın əməksevərliyindən söz açaraq onu peşənin nüfuzu qoruyan istedadlı jurnalist kimi xarakterizə edib, təbriklərini çatdırıblar.

Son xəbərlər

Orphus sistemi