Yuxarı
    Bağlamaq

    İspaniyanın Aviatorlar Assosiasiyasının prezidenti Azərbaycanla bağlı məqalə yazıb

    Məqalədə Gəncədə 20 nömrəli hərbi pilot məktəbinin yaradılması və İspaniyadan 900-ə yaxın gəncin bu təlimlərə cəlb edilməsini xatırladır

    Bakı. 2 fevral. REPORT.AZ/ İspaniyanın Respublikaçı Aviatorlar Assosiasiyasının prezidenti Akilino Mata bu ölkənin “El Periodico” xəbərlər portalında “Tarixi yaddaş: Azərbaycan qarşısında borcluyuq” adlı məqalə yazıb.

    "Report"un məlumatına görə, müəllif 1936-cı ildə İspaniya ilə SSRİ arasında hərbi təyyarəçilərin təlim keçməsinə dair razılaşmanın əldə edilməsi, bu məqsədlə Azərbaycan SSR-nin Kirovbad (indiki Gəncə) şəhərində 20 nömrəli hərbi pilot məktəbinin yaradılması və 900-ə yaxın gəncin bu təlimlərə cəlb edilməsini xatırladır.

    Azərbaycan xalqının pilotlara qayğısı və insani rəftarını məmnunluqla qeyd edən müəllif, birinci təlim qrupunun Kirovabada gəlməsinin 80 illiyi ilə əlaqədar həmin pilotların övladları və digər ailə üzvlərinin Azərbaycana bu yaxınlarda baş tutan səfərindən bəhs edir. O, pilotların övladlarının atalarının yaşadıqları və təlim keçdiyi yerləri görməsi, səfər təəssüratları, habelə təmtəraqlı qarşılanma, Azərbaycan rəsmilərinin qonaqlara göstərdiyi diqqət və qayğıdan ürək dolusu məlumat verir.

    Akilino Mata təlim zamanı həyatını itirmiş 9 aviatorun və 11 sovet təlimçisinin məzarlarının Gəncə şəhərindəki qəbiristanlıqda yerləşdiyini, hər il hərbi paradda onların xatirəsinin yad edildiyi və məzarların önünə gül çələnglərinin qoyulduğunu fərəhlə qeyd edir.

    Müəllif aviatorların təlim keçdiyi mərkəzin hazırda orta məktəb kimi fəaliyyət göstərdiyini və orada “İspaniya-Azərbaycan xalqlarının dostluğu əbədidir” şüarı altında muzeyin açıldığını və burada müxtəlif eksponatların saxlandığını bildirir.

    Müəllif həmçinin Azərbaycanın hərbi təcavüzə məruz qaldığını, ərazisinin 20%-nin işğal altında olduğunu və həmin ərazilərdə etnik təmizləmə siyasətinin aparılması nəticəsində minlərlə insanın şəhid olduğunu və bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü qeyd edir. O, təəssüflə dünya birliyinin bu reallığı görmədiyini yazır. Akilino Mata Azərbaycan qarşısında borclu olduqlarını, vicdanı hərəkətə gətirməyin vacibliyini bildirir. Müəllif Azərbaycan xalqının yaşadıqları qarşısında susmağı ölkəsini məsuliyyətindən azad etmədiyini, bu susmağın cəmiyyət və dövlət kimi alçaldıcı olduğunu qeyd edir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi