Yuxarı
    Bağlamaq

    Hərbi sahədən yazan jurnalistlər üçün təlim kursları başlayıb

    Kurs Azərbaycan kütləvi informasiya vasitələri üçün ilk dəfə təşkil olunur

    Bakı. 5 noyabr. REPORT.AZ/ Azərbaycanda hərbi sahədən yazan jurnalistlər üçün təlim kursları təşkil olunub.

    "Report" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə “Dinc Dünya” Araşdırmalar Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi, Mətbuat Şurası, Müdafiə Nazirliyi tərəfindən dəstəklənən “Ekstremal situasiyalarda işləyən jurnalistlərin psixoloji və təcrübi öyrədilməsi” layihəsi çərçivəsində keçirilən tədbirdə məlumat verilib.

    Layihənin rəhbəri Əlsafa Mehdiyev bildirib ki, kurs Azərbaycan kütləvi informasiya vasitələri üçün ilk dəfə təşkil olunur. 2014-cü ilin avqustunda cəbhəyanı zonada gərginlik zamanı ölkə mediasının bu sahədə hazırlıqsızlığı üzə çıxdı. Layihə ekstremal şəraitdə işləyən jurnalistlərin özünü qoruması, düzgün informasiya alıb cəmiyyətə çatdırılmasının öyrədilməsi məqsədi daşıyır. Jurnalistlərin bu istiqamətdə təcrübə toplaması olduqca vacibdir. Layihə müddətində onlar hərbi jurnalistikanın incəliklərinə öyrənəcəklər. Eyni zamanda, məqsəd mediada milli təhlükəsizliyə xələl gətirən informasiyalar yayılmasının qarşısının alınmasıdır.

    Layıhə çərçivəsində keçilən təlimlər hərbi sahəni işıqlandırmağın hüquqi-təcrübi-psixoloji normalarına, ekstremal jurnalistikanın qaydalar bazasının yaradılmasına, cəbhədən xəbərlər yayan jurnalistlərin peşəkarlığının artırılmasına yönələcək.

    Təlimin nəzəri hissəsi Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində, praktiki hissə isə poliqon şəraitində keçiriləcək. Əvvəlcə təlim-tədris mərkəzində silah-sursatların taktiki-texniki xüsusiyyətləri öyrəniləcək, akkreditasiya qaydaları, son dövrün ekstremal jurnalistika təcrübəsi, müxbirin ekstremal şəraitdə davranış metodları tədris ediləcək.

    Müdafiə Nazirliyinin poliqonunda təşkil ediləcək praktiki təlimdə isə döyüş meydanına oxşar şərait yaradılacaq və burada qarşıya çıxa biləcək təhlükəli vəziyyətlərdə davranış normaları, müşahidə aparmaq və informasiya toplamaq qaydaları öyrəniləcək.

    Təlimə 50-dən çox jurnalistin cəlb olunması nəzərdə tutulur.

    Məşğələlər Müdafiə Nazirliyinin zabit-mütəxəssis heyəti tərəfindən aparılacaq. İştirakçılara sertifikatlar təqdim olunacaq.

    Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli, BDU-nun professoru Şirməmməd Hüseynov Bildiriblər ki, ötən il cəbhədə baş verən hadisələr zamanı ictimaiyyətə yoxlanılmamış informasiyaların təqdim edilməsi və bəzi jurnalistlərin fəaliyyəti qənaətbəxş olmayıb. Professorlar jurnalistlərin ekstremal şəraitdə davranış və informasiya verilməsi qaydalarından, cəbhəyanı bölgədə özünümüdafiə məsələlərindən bəhs ediblər. Dövlət, millət, Vətən mənafeyini qorumağın müqəddəs borc olduğunu diqqətə çatdırıblar.

    Müdafiə Nazirliyinin mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general-mayor Rasim Əliyev müdafiə naziri Zakir Həsənovun KİV nümayəndələrinin cəbhəboyu zonada fəaliyyətinin tənzimlənməsi haqqında müvafiq əmrini xatırladıb. Bildirib ki, media cəmiyyətin inkişafı və formalaşmasında, Ordu quruculuğunda mühüm rol oynayır. Təqdim olunan layihə hərbi jurnalistika sahəsinə dair bütün məqamları əhatə edəcək. Media nümayəndələrinin hərbi jurnalistikaya meyil etməsi sevindiricidir. Lakin jurnalistlər hərbi sahədən yazarkən diqqətli olmalı, peşə və vətəndaşlıq borcuna vicdanla yanaşmalıdır. İdarə rəisi hərbi jurnalistlərin formalaşması və yetişdirilməsi sahəsində Müdafiə Nazirliyinin QHT-lərlə, cəmiyyətlə, müvafiq təşkilatlarla əməkdaşlığı baxımından tədbirin əhəmiyyətini qeyd edib.

    Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib: “Ötən ilin avqustunda cəbhə xəttində yaranmış gərginlik zamanı media qurumlarının fəaliyyəti Mətbuat Şurasını da narahat edib. Hərbi məlumatlar yayan jurnalistlər bir çox məsələləri nəzərə almalıdırlar. Bu məsələ ilə bağlı dövlətimizin başçısı 2014-cü ilin sentyabrında cəbhəyanı zonada yerləşən jurnalistlərin davranış və məsuliyyətini tənzimləməklə bağlı sərəncam imzalayıb. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin iştirakı ilə jurnalistlərlə görüş keçirilib. Hərbi xəbərlərin verilməsində qanunvericilikdə də bir sıra dəyişiklər edilib. Bu layihə Azərbaycanda hərbi sahədən yazan jurnalistlərimizin peşəkarlığının artırılmasına töhfə verəcək”.

    Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı qoşunların təmas xəttində yaranan gərginlik zamanı məlumatı ictimaiyyətə ilk mənbədən, dəqiq, müvafiq qurumla razılaşdırılmış şəkildə çatdırmağın vacib olduğunu vurğulayıb. Bu məqsədlə jurnalistlərin hərbi biliklərinin artırılması və hərbi qulluqçuların KİV-lərlə işləməsi ilə bağlı təlimat hazırlanaraq hərbi hissələrə göndərildiyi diqqətə çatdırılıb. Qeyd edilib ki, Müdafiə Nazirliyinin mətbuat xidməti informasiyanın mediaya ötürülməsi üçün zəruri işləri görür. Həmçinin jurnalistlər hərbi hissələrə getmək üçün qeydiyyatdan keçirilib.

    Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu son vaxtlar ordu quruculuğu sahəsində Müdafiə Nazirliyinin fəaliyyətini yüksək qiymətləndirib. Vurğulayıb ki, AZƏRTAC başda olmaqla, Azərbaycanın bir sıra informasiya agentlikləri dünyanın ən uzaq nöqtələrinə xəbər ötürmək imkanına malikdir. U.Rəhimoğlu xarici jurnalistlərin cəbhəboyu zonaya səfərlərinin təşkil edildiyini də diqqətə çatdırıb. Qeyd edib ki, Prezident İlham Əliyev jurnalistlərə hər zaman diqqət və qayğı göstərir. Bütövlükdə götürdükdə, Azərbaycan jurnalistikası hər zaman ordunun yanındadır.

    Digər çıxış edənlər sosial şəbəkələrin, vətəndaş jurnalistikasının da informasiya yayılmasında məsuliyyətini qeyd edib, belə layihələrin hərbi jurnalistikaya marağın artması baxımından faydalı olmasından danışıblar.

    Sonra təlimlərə start verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi