​“Gənc jurnalistlər üçün SOCAR Qış məktəbi” iştirakçılarına sertifikatlar təqdim olunub

​“Gənc jurnalistlər üçün SOCAR Qış məktəbi” iştirakçılarına sertifikatlar təqdim olunub Rövnəq Abdullayev bu layihənin uğurla başa çatdırılması münasibəti ilə gənc jurnalistləri təbrik edib
Media
7 Mart , 2015 05:57
​“Gənc jurnalistlər üçün SOCAR Qış məktəbi” iştirakçılarına sertifikatlar təqdim olunub

Bakı. 7 mart. REPORT.AZ/ Martın 6-da Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev fevralın 16-dan 28-dək Azərbaycan Mətbuat Şurası ilə birgə həyata keçirilmiş “Gənc jurnalistlər üçün SOCAR Qış məktəbi”nin iştirakçılarına sertifikatlar təqdim edib.

"Report" xəbr verir ki, mərasimdə çıxış edən Rövnəq Abdullayev Qış məktəbi iştirakçılarını salamlayıb, bu layihənin uğurla başa çatdırılması münasibəti ilə gənc jurnalistləri təbrik edib.

Şirkətin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov “Gənc jurnalistlər üçün SOCAR Qış məktəbi”nin ölkəmizdə keçirilən ilk belə layihə olduğunu bildirib və layihənin proqramı haqda ətraflı məlumat verib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov, Şuranın idarə heyətinin üzvləri, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Qış Məktəbi” layihəsinin gənc jurnalistlərin ixtisaslaşması baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb və SOCAR rəhbərliyinə belə bir layihəni keçirdiklərinə görə minnətdarlıqlarını bildiriblər.

Layihənin iştirakçıları SOCAR-ın ayrı-ayrı müəssisələri ilə tanışlıqlarından, mütəxəssislərin prezentasiyaları zamanı əldə etdikləri məlumatlardan gələcək fəaliyyətlərində bəhrələnəcəklərinə əminliklərini ifadə ediblər. Çıxışlarda bu layihənin davam etdirilməsinin Azərbaycan mətbuatı üçün böyük əhəmiyyət daşıdığı bildirilib.

SOCAR prezidenti Rövnəq Abdullayev gənc jurnalistlərə sertifikatlar təqdim edib, uğurlar arzulayıb, fəaliyyətlərində aktiv və obyektiv olmağa çağırıb, gələcəkdə layihə çərçivəsində yeni proqramların gerçəkləşdirilməsi üçün təkliflərin hazırlanması haqqında müvafiq strukturlara tapşırıq verib.

Qeyd edək ki, “Gənc jurnalistlər üçün SOCAR Qış məktəbi” iştirakçıları layihə çərçivəsində enerji sektorunun bütün sahələrini - neft yataqlarının geologiya-geofizikası, qazma texnologiyası, neft-qaz hasilatı, həmçinin jurnalist etikası, medianın problemləri və s. mövzularda çıxışlar dinləyib, təqdimat və diskussiyalarda iştirak edib, şirkətin məsul şəxsləri, Mətbuat Şurasının nümayəndələri, ekspertlərlə görüşüblər. Qış məktəbi dövründə şirkətin idarə və müəssislərinə ekskursiyalar təşkil edilib, bu da onların istehsalat prosesi ilə yaxından tanış olmalarına imkan yaradib.

Son xəbərlər

Orphus sistemi