Yuxarı

Dini nəşrlər təsis edən şəxslərdən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyi tələb olunacaq

Dəyişikliklə bağlı sənədi ədliyyə naziri Fikrət Məmmədov imzalayıb

Bakı. 26 fevral. REPORT.AZ/ Azərbaycan Ədliyyə Nazirliyi “Mətbu nəşrlərin təsis edilməsi barədə müraciətlərin qəbulu və uçotunun aparılması Qaydaları”nda dəyişiklik edib.

"Report"un xəbərinə görə, sənədi ədliyyə naziri Fikrət Məmmədov imzalayıb.

Dəyişikliklə mətbu nəşrlərin təsis edilməsi barədə müraciətlərin qəbulunda dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyi tələb olunacaq.

Belə ki, sənədə əsasən, mətbu nəşr təsis etmək istəyən hüquqi, fiziki şəxs və ya onların səlahiyyətli nümayəndəsi nəşrin çapından 7 gün əvvəl iki nüsxədə tərtib olunmuş ərizə ilə Ədliyyə Nazirliyinə rəsmi müraciət etməyə borcludur.

Ərizəyə mətbu nəşr fiziki şəxs tərəfindən təsis olunduqda onun şəxsiyyətini təsdiq edən sənədin surəti, hüquqi şəxs tərəfindən təsis olunduqda hüquqi şəxsin (kommersiya və dini qurumlar olduqda) nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti, redaktorun (baş redaktorun) şəxsiyyətini təsdiq edən sənədin surəti, mətbu nəşrin redaktorunun (baş redaktorunun) ali təhsilini təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti, nəşrin adında dövlət təşkilatlarının, beynəlxalq qurumların, idarə və müəssisələrin, yerli özünüidarəetmə orqanlarının adından istifadə edildikdə buna dair həmin qurumların rəhbəri tərəfindən imzalanmış yazılı razılığı, adında Azərbaycanın görkəmli şəxsiyyətlərinin adları əks etdirildikdə buna dair həmin şəxslərin yaxın qohumlarının (babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr) və ya vərəsələrinin yazılı icazəsi, səlahiyyətli şəxsin səlahiyyətini təsdiq edən sənədin surəti və dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyi daxildir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi