Yuxarı
    Bağlamaq

    Cavid Hüseynovun anası Mətbuat Şurasına müraciət edib

    Şuranın Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

    Bakı. 17 may. REPORT.AZ/ Bu gün Azərbaycan Mətbuat Şurası (MŞ) Şikayətlər üzrə Komissiyasının iclası keçirilib.

    Mətbuat Şurasından "Report"a bildirilib ki, MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) rəhbəri Umud Rəhimoğlu komissiya üzvlərinə müzakirəsi tövsiyə olunan məsələlər barədə məlumat verib. Gündəliyin təsdiqindən sonra şikayətlərin araşdırılmasına başlanılıb.

    Öncə Balakən rayonunun Mahamalar kənd sakini Sabir Məmmədovun "Azadlıq" qəzetinin 16 mart 2016-cı ildə onunla bağlı təqdim etdiyi yazı barədə müraciətinə baxılıb. Komissiya narazılıq doğuran materialda məktub müəllifi haqqında ittiham xarakterli fikirlərin yer almasına baxmayaraq, qarşı tərəfin məsələyə münasibət bildirməməsini etik pozuntu sayıb. Qəzetə balansın gözlənilmədiyi irad tutulub və şikayətçinin mövqeyini işıqlandırması tövsiyə olunub.

    Respublika Sanitariya-Karantin Mərkəzinin "Bələdiyyə birliyi" qəzetində gedən "Zərgərpalanda plan tökənlər" (28 aprel 2016-cı il) sərlövhəli yazı ilə bağlı müraciəti araşdırılarkən bir neçə məqama diqqət yetirilib.

    Bildirilib ki, materialda həqiqətən etik prinsiplərin bir sıra tələbləri pozulub. Komissiya qənaətə gəlib ki, bunun baş verməsində qəzetin həmin qurumdan məlumat alması üçün lazımi şəraitin yaradılmadığı da təsirsiz qalmayıb.

    Hər iki tərəf iradlarla razılaşıb. Komissiya tərəflər arasında anlaşma əldə olduğunu əsas götürərək məsələni həllini tapmış hesab edib.

    İclasda Bakı şəhər sakini Kənan Əhmədovun "Criminal.az" saytında gedən faciə motivli görüntünün həmin ailəyə sarsıntılar yaşatması barədə müraciəti araşdırılarkən rəyə gəlinib ki, məsələ müsbət həllini tapmalıdır. Çünki bu, həm də ailənin əlavə mənəvi-psixoloji sarsıntılara məruz qalmasının qarşısını alar. Sayta fotogörüntünün oradan çıxarılması tövsiyə olunub.

    Komissiya rəyə gəlib ki, istintaq altında olan, yaxud məhkəməsi gedən şəxs barədə medianın ittiham xarakterli fikirləri qabartması yolverilməz haldır. Belə hal "Qəbələ" futbol klubunun sabiq üzvü Cavid Hüseynov haqqında bir sıra kütləvi informasiya vasitələrinin təqdim etdiyi yazılarda da özünü biruzə verməkdədir. Komissiya C.Hüseynovun anasının müraciətində həmin tipli məlumatların bu ailəyə sarsıntılar yaşatdığını, faciə ilə üzləşən digər tərəfin də hislərinin nəzərə alınmasını vacib hesab edib.

    Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi iclasa gəlmədiyindən bu səhiyyə şəbəkəsinin "Xeberal.az" saytı barədə şikayəti gündəlikdən çıxarılıb.

    Bakı şəhər sakini Cahangir Hüseynovun "Gündəlik Bakı" qəzeti və "İdeologiya.az" saytı haqqında müraciətinə də baxılmaması məntiqi sayılıb. Məlumat verilib ki, hər iki KİV-lə bağlı məhkəmə iddiası qaldırıldığı üçün prosedur qaydalar MŞ-də belə şikayətlərə baxılmasını istisna edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi