Bakıda KİV-də və sosial mediada qadın mövzusu müzakirə olunub

Bakıda KİV-də və sosial mediada qadın mövzusu müzakirə olunub Tədbirdə dövlət və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, KİV nümayəndələri iştirak edib
Media
25 Avqust , 2015 17:12
Bakıda KİV-də və sosial mediada qadın mövzusu müzakirə olunub

Bakı. 25 avqust. REPORT.AZ/ Bu gün “Qadın Konsensus Mərkəzi” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “KİV-də və sosial mediada qadın mövzusu” adlı tədbir keçirilib. "Report" xəbər verir ki, tədbirdə dövlət və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, KİV nümayəndələri iştirak edib. 

Toplantını “Qadın Konsensus Mərkəzi” İctimai Birliyinin rəhbəri Aynur Camalqızı açaraq, budəfəki tədbirdə "KİV və sosial mediada qadın mövzusu"nun müzakirə olunacağını bildirib. O, niyə bu sahəni seçmələrinə aydınlıq da gətirib: "Son zamanlar sosial media və KİV-də qadın problemləri, kriminal, ailə-məişət zəminində zorakılıqlarla bağlı xəbərlər daha çox kütləviləşib. KİV və sosial şəbəkələr böyük bir həvəslə bu cür xəbərləri yaymağa meyillidir. Doğrudanmı qadının ərini öldürməsi, bıçaqlaması, özünü yandırması ilə bağlı xəbərləri yayımlamalıyıq? Bu mövzunun cəmiyyətə nə verdiyini müzakirə etmək istədik. Bu mövzunu necə çatdıraq ki, cəmiyyətimiz bundan yara almasın. Düşünürəm ki, müzakirələrimizdə buna çözüm tapa bilərik". A.Camalqızı əlavə edib ki, bəzən rəhbər vəzifələrdə təmsil olunan qadınların sərbəst fikir irəli sürə bilmədikləri deyilir: “Amma qeyd etmək lazımdır ki, 3 nəfər nöqsanlı nümunə varsa, onlarla yaxşı nümunə də var. Belə fikir var ki, siyasi idarəetmədə qadınların iştirakı daha ədalətli qərarların qəbuluna gətirib çıxarır”.

Jurnalist Fainə Hənifəyeva bildirib ki, Azərbaycanda medianın qadın mövzusunu müzakirə edərkən yönəldiyi istiqamət təəssüf hissi doğurur: "Dünyada qadınların prezidentliyə namizədliyi müzakirə olunduğu bir ərəfədə bizdə evdən qaçan gəlinin telefon istifadə edib-etməməsi müzakirə olunur. Mediada daha çox kriminal hadisələrin qəhrəmanı olan qadınlar araşdırılır. Seçki ərəfəsindəyik - namizəd qadınlardan, qadın yazarlarmızdan niyə danışmırıq?". 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Azərbaycanda nümunə üçün bir nəfər də nazir və ya icra başçısının qadın olmadığını söyləyib. Bu il keçiriləcək parlament seçkilərində qadınların sayının 25-30 faiz təşkil edəcəyinin gözlənildiyini vurğulayan E.Səfərov media sahəsində də gender bərabərliyi məsələsində Azərbaycanda problemlər olduğunu, xüsusilə idarəetmə strukturlarında qadınların sayının az olduğunu deyib: "Çox təəssüf ki, bu gün Azərbaycanda qadın hərəkatının artması ilə bağlı xarici dillərdə məqalələr hazırlanmır. Bir-iki məqalə olur ki, o da dövlət qurumlarının təşəbbüsü ilə. Bu gün Azərbaycan jurnalistikasında peşəkar qadınların sayının çox olmasına ehtiyac var. Araşdırma sahəsini qadınlar daha güclü aparırlar. Bu sahədə, eyni zamanda, polis qurumlarında qadınların sayının çox olması dövlətin inkişafına gətirəcək. Uşaq hüquqlarının müdafiəsi sahəsində vəkillər olduğu kimi, uşaq problemləri ilə bağlı yazan jurnalistlər də ixtisaslaşmalıdır".

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Umud Rəhimoğlu vurğulayıb ki, Azərbaycan ailələrində qərarverici qüvvə xanımlardır. Mətbuat tariximizə nəzər salan natiq "Əkinçi" qəzetində qadınlara, XX əsr yazıçılarının əsərlərində qadınların oyanışına, inkişafına geniş yer verildiyini söyləyib. İnformasiyanın cəmiyyətə çatdırılma problemindən danışan natiq bəzən müəyyən başlıqlarla təqdim edilən yazılara cəmiyyətin necə reaksiya verməsinin fərqində olmadıqlarını vurğulayıb. 

Jurnalistlərin Həmkarlar İttifaqının sədri (JuHİ) Müşfiq Ələsgərli bildirib ki, qadın və media məsələsi dünyada problem olan məsələdir: "Beynəlxalq Jurnalistlər Federasiyasının qadın jurnalistlərlə bağlı hazırladığı hesabatda qeyd olunur ki, Avropanın ən inkişaf etmiş ölkələrində media strukturlaşmasında qadın təmsilçiliyi 30-35 faiz təşkil edir. Azərbaycanda isə bu rəqəm beynəlxalq standartları üstələyir və bizdə 40-45 faiz təşkli edir. Problem ondadır ki, qərarverici sahədə Avropadan fərqlənirik. Belə ki, rəhbərlikdə təmsilçilik cəmi 10 faiz təşkil edir".

"Report" İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev çıxışında qadın hüquqlarının qorunması ilə bağlı müzakirələrin mütəmadi xarakter almasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, kənd yerlərində təhsil səviyyəsinin artırılması, qadınların təhsilə daha geniş cəlb olunmasına ehtiyac var. Murad Əliyev qadınların idarəçilik vəzifələrində irəli çəkilməsinin müsbət hal olduğunu vurğulayaraq, rayon və kənd icra nümayəndəliyi səviyyəsində buna daha çox ehtiyac olduğunu deyib.

Son xəbərlər

Orphus sistemi