Yuxarı

AZƏRTAC-la Yaponiyanın informasiya agentliyi arasında əməkdaşlıq haqqında saziş imzalanıb

İmzaladığımız müqavilə əməkdaşlıq əlaqələrinin genişlənməsinə müsbət təsir edəcək

Bakı. 15 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Yaponiyanın JİJİ PRESS informasiya agentliyi arasında əməkdaşlıq haqqında saziş imzalanıb. 

"Report" xəbər verir ki, sənədi AZƏRTAC-ın baş direktoru Aslan Aslanov və JİJİ PRESS agentliyinin icraçı direktoru Sadafumi Tani imzalayıblar.

Saziş tərəflər arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərin təşkili, eyni zamanda agentliklərin saytlarında ölkələrimizdə baş verən hadisələr barədə informasiyaların mütəmadi yerləşdirilməsini nəzərdə tutur.

Baş direktor Aslan Aslanov deyib ki, geniş perspektivləri olan bu sənəd Azərbaycan və Yaponiya arasında inkişaf edən əlaqələrin daha da möhkəmlənməsinə, AZƏRTAC ilə JİJİ PRESS arasında təcrübə və informasiya mübadiləsinin aparılmasına böyük töhfə verəcək: "Saziş Azərbaycan haqqında həqiqətlərin Yaponiyanın bu agentliyi vasitəsilə yayılması, ölkənin uğurlarının təbliği baxımından xüsusi əhəmiyyətə malikdir. AZƏRTAC Yaponiyanın Kyodo agentliyi ilə uzun müddətdir əməkdaşlıq edir. Eyni zamanda Yaponiyanın həm JİJİ Press, həm də Kyodo agentliyi ilə Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri (OANA) Alyansı tərkibində uğurlu tərəfdaşlıq əlaqələrinə malikdir".

"Azərbaycanın inkişafı bizi fərəhləndirir", - deyən JİJİ Press agentliyinin icraçı direktoru Sadafumi Tani AZƏRTAC-ın xəbərlərini Yaponiyada bundan sonra daha geniş yayacaqlarını vurğulayıb: "Sənəd Azərbaycanı Yaponiyada yaxından tanıtmaq üçün geniş imkanlar açır". 

AZƏRTAC-ı 95 illiyi münasibətilə təbrik edən icraçı direktor bu ilin noyabrında JİJİ PRESS-in yaranmasının 70 illik yubileyinin qeyd olunacağını qeyd edib: "Bu il hər iki agentlik üçün əlamətdardır və imzaladığımız müqavilə əməkdaşlıq əlaqələrinin genişlənməsinə müsbət təsir edəcək".

İmzalanma mərasimindən sonra keçirilən görüşdə qeyd olunub ki, saziş ikitərəfli münasibətlərin inkişafına böyük təkan verəcək, xalqların bir-birini daha da yaxından tanımasına xidmət edəcək. Danışıqlar zamanı iki agentlik arasında əməkdaşlığın perspektiv istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb, müasir dövrdə xəbər agentlikləri qarşısında duran çağırışların həlli məsələləri müzakirə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi