Yuxarı

AZƏRTAC Bakı Şəhər Halqasının rəsmi media tərəfdaşı olub

Azad Rəhimov: “Formula-1” yarışı vasitəsilə Bakını və ümumilikdə milli mədəniyyətimizi dünya ictimaiyyətinə təbliğ edəcəyik”

Bakı. 24 may. REPORT.AZ/ Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə “Formula-1” Avropa Qran-pri yarışının təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) arasında rəsmi tərəfdaşlıq haqqında saziş imzalanıb.

"Report" xəbər verir ki, sazişi Azərbaycanın gənclər və idman naziri və BŞH-nın sədri Azad RəhimovAZƏRTAC-ın baş direktoru Aslan Aslanov imzalayıblar.

“Əldə olunan razılığa əsasən, AZƏRTAC ölkə daxilində və xaricdə malik olduğu bütün imkanları səfərbər edərək Bakıda keçiriləcək “Formula-1” yarışı barədə xəbərləri bütün dünyada yayacaq. Xüsusilə qeyd etmək istərdim ki, biz bu il Bakıda sadəcə möhtəşəm yarış keçirməyəcəyik, həmçinin bu yarış vasitəsilə paytaxt Bakını və ümumilikdə milli mədəniyyətimizi dünya ictimaiyyətinə təbliğ edəcəyik. Bu şərəfli işdə bizə dəstəyini göstərəcək AZƏRTAC-ın rəhbərliyinə və onun bütün kollektivinə öz təşəkkürümüzü bildiririk. İnanırıq ki, həm Avropa Qran-prisinin, həm də Azərbaycanın bütün dünyada daha geniş səviyyədə tanıdılmasında bu əməkdaşlığın əvəzsiz rolu olacaq”- deyə Gənclər və idman naziri Azad Rəhimov deyib.

AZƏRTAC-ın baş direktoru Aslan Aslanov bildirib ki, Dünya informasiya məkanında özünəməxsus yer tutan, mötəbər beynəlxalq media qurumlarında fəal təmsil olunan agentlik üçün bu daha bir əlamətdar hadisədir: "Kollektivimiz AZƏRTAC-ın Azərbaycanda keçiriləcək mötəbər idman yarışını geniş təbliğ etməsi üçün “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti ilə rəsmi media tərəfdaşlığına dair sazişin imzalanmasından məmnunluq duyur”.

Sazişə əsasən, AZƏRTAC “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin tədbirlərinin işıqlandırılmasında üstünlüyə malik olacaq və eyni zamanda, yarışın əhəmiyyətini göstərmək üçün Beynəlxalq Avtomobil Federasiyasının “Formula-1” üzrə dünya çempionatında iştirak edən komandalar və sürücülər ilə bağlı həftəlik materiallar yayımlayacaq.

Sazişin imzalanması mərasimində Dünya Xəbər Agentlikləri Konqresi Şurasının iclasında iştirak etmək üçün Bakıda qonaq olan Bolqarıstanın BTA agentliyinin baş direktoru Maksim Minçev və Rusiyanın TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman iştirak ediblər.

Qeyd edək ki, AZƏRTAC -ın bu mötəbər yarışla bağlı xəbərləri 7 dildə təqdim olunur. AZƏRTAC-ın saytında bu gündən etibarən “Formula-1” bölməsi yaradılacaq, Qran-pri barədə bütün xəbərlər, foto və videomateriallar burada yerləşdiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi