Yuxarı

​Azərbaycanlı jurnalistlər London, İstanbul və Moskvaya göndəriləcək

Müsabiqəyə avqustun 1-dən start veriləcək

Bakı. 21 iyul. REPORT.AZ/ "Dağlıq Qarabağın Azərbaycanlı İcması “İctimai Birliyi ilə Parlament Jurnalistləri Birliyi arasında əldə olunan razılığa əsasən, Azərbaycan jurnalistləri üçün yeni müsabiqə elan edilib.

Bu barədə "Report"a PJB-nin rəhbəri Elşad Eyvazlı məlumat verib.

O qeyd edib ki, ideya Milli Məclisin deputatı, İcmanın İdarə Heyətinin üzvü Rövşən Rzayevdən gəlib.

R.Rzayev bildirib ki, Prezident İlham Əliyev dəfələrlə çağırış edib ki, xaricdə çalışan, xaricə çıxışı olan azərbaycanlı jurnalistlərə ehtiyac var. Deputat deyib ki, Prezidentin qaldırdığı bu məsələ çox vacibdir və bu çağırışa qoşulmaq Azərbaycan dövləti və xalqı üçün xeyir verə bilər. E.Eyvazlı qeyd edib ki, məsələ "Dağlıq Qarabağın Azərbaycanlı İcması “İctimai Birliyinin rəhbərliyində müzakirə olunub. İcma sədri Bayram Səfərov belə bir layihənin gerçəkləşməsinin gərəkli olduğunu vurğulayıb: “Biz jurnalistlər üçün yeni müsabiqə elan edirik. Müsabiqəyə ingilis, rus və türk dilini yaxşı bilən jurnalistlər qoşula bilərlər. Müsabiqə qalibləri iki mərhələ keçdikdən sonra müəyyənləşəcək. İlkin mərhələdə müsabiqəyə qatılan jurnalistin xaricdə dərc olunan yazısı təqdim edilməlidir. Bu olmadıqda həmin jurnalist xaricdə media üçün hazırladığı, ancaq dərc etdirə bilmədiyi yazını təqdim etməlidir.

İkinci mərhələdə isə jurnalist münsiflər tərəfindən şifahi sorğudan keçəcəklər. Dil biliyi ilə yanaşı jurnalistləri hadisələrə baxışı, milli maraqlardan necə çıxış etmələri də çox önəmlidir. Üç nəfər qalib müəyyənləşdiriləcək".

E.Eyvazlının sözlərinə görə, qaliblərdən biri London, biri Moskva, biri isə İstanbula göndəriləcək: "Bütün xərclər təşkilatçılar tərəfindən ödəniləcək. Müsabiqə qalibləri xaricdə həm universitetlərdə seminarlara qatılacaqlar, həm də məhşur media qurumlarında təcrübə keçəcəklər”.

Müsabiqəyə avqustun 1-dən start veriləcək.

Bu yarışa qatılmaq istəyənlər info@modern.az, (0099412)4659574, (00994)0513408183-li telefonlarla əlaqə saxlaya bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi