Azərbaycanda onlayn redaktə problemi - çıxış yolu nədir? - ARAŞDIRMA

Azərbaycanda onlayn redaktə problemi - çıxış yolu nədir? - ARAŞDIRMA Bakı. 8 oktyabr. REPORT.AZ/ İnternet dövrünə qədəm qoymuş Azərbaycan mediasının ən yaralı yeri, bəlkə də, onlayn redaktə imkanlarının olmaması və ya zəif olmasıdır. Əgər 50 il öncə hər hansı bir yazı bir neçə redaktorun əlindən keçərək qəzet səhifəsində yer tapırdısa, bu gün internet mediasında çalışan əməkdaş yazıya ani nəzər yetirib onu qlobal şəbəkəyə yerləşdirməlidir. İnformasiyanın verilməsində sürət ən vacib amilə çevrilib.
Media
8 Oktyabr , 2018 16:04
Azərbaycanda onlayn redaktə problemi - çıxış yolu nədir? - ARAŞDIRMA
0 : 00
0 : 00

Bakı. 8 oktyabr. REPORT.AZ/ İnternet dövrünə qədəm qoymuş Azərbaycan mediasının ən yaralı yeri, bəlkə də, onlayn redaktə imkanlarının olmaması və ya zəif olmasıdır. Əgər 50 il öncə hər hansı bir yazı bir neçə redaktorun əlindən keçərək qəzet səhifəsində yer tapırdısa, bu gün internet mediasında çalışan əməkdaş yazıya ani nəzər yetirib onu qlobal şəbəkəyə yerləşdirməlidir. İnformasiyanın verilməsində sürət ən vacib amilə çevrilib.

Müasir dövrdə onlayn redaktə proqramı və ya hansısa bir imla yoxlayıcısı olmadan xəbərdəki qüsurları görmək problemi yaşanır. Dünyanın bütün aparıcı dillərində mətni orfoqrafik və ya üslub baxımdan yoxlamaq üçün hər cür onlayn imkan çoxdan yaradılıb. Belə proqramları həm kompüterə yazmaq, həm də internetdə tapmaq olar.

Azərbaycan dili üçün imla yoxlayıcısı yalnız bir variantda mövcuddur. O da “Microsoft” şirkətinin təqdim etdiyi ofis paketində olan Word proqramına inteqrasiya edilmiş faylda yer alıb. Həmin paketdə təqdim olunan redaktə proqramının özü də yetərincə qüsurludur. Bu variantda ingilis və ya rus dilində olan kimi üslub uyğunsuzluqlarını aşkarlamaq imkanı heç yoxdur, uzaqbaşı orfoqrafik səhvləri görmək olar. Məsələ də bununla bitmir. 

Deməli, paketdə bəzi sözlər doğru yazıldığı halda səhv kimi göstərilir. Bu, adətən, şəkilçi qəbul edən sözlərdə baş verir. “Microsoft Azərbaycan” şirkətinin Azure platformasında İnfrastruktur həlləri üzrə mütəxəssisi Qaçay Mirzəyev “Report”a açıqlamasında deyib ki, doğru sözün yanlış göstərilməsinə səbəb Azərbaycan dilində şəkilçilərin çox olmasındadır: “Proqram bəzən sözün kökünü təyin edə bilir, amma bütün şəkilçilərlə olan variant yoxdur. Yəqin ki, bu problem bir müddətdən sonra aradan qalxacaq. Gələcəkdə “Microsoft Azərbaycan” şirkətinin onlayn redaktə proqramına yeni versiya yüklənəcək. Süni intellekt adlanacaq yeni versiyada sözlərə əlavə olunmuş şəkilçiləri, mətndəki sinonimləri proqram avtomatik olaraq müəllifə yanlış kimi təqdim edəcək. Yeni versiya "Windows 2007" və ondan öncəki buraxılışlara tətbiq olunmayacaq. Süni intellekt "Windows 2010"dan sonrakı buraxılışlar üçün nəzərdə tutulub”.

Orfoqrafiyadakı yeniliklərin çox çətin proses nəticəsində tətbiq olunduğunu bildirən Qaçay Mirzəyev qeyd edib ki, yeni terminlər yarandıqca “Microsoft Azərbaycan” şirkətinin nəzdində fəaliyyət göstərən xüsusi təşkilat dilçilər arasında tender keçirir: “Tenderdə hansı dilçinin iştirak edəcəyi seçilir və onlar öz variantlarını təqdim edirlər. Təqdim olunan variantları “Microsoft Azərbaycan” şirkəti nəzərdən keçirir və rəy verilir. Sonuncu variant təsdiqlənməmişdən əvvəl Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən texniki komitəyə göndərilir. Komitə uğurlu variantı bizə təsdiqləyir və bundan sonra həmin termin orfoqrafiya lüğətinə əlavə edilir”.

Yeni tətbiq olunacaq süni intellekt layihəsində üslub yanlışlıqlarının müəllifə təqdim edilməyəcəyini söyləyən Qaçay Mirzəyev vurğulayıb ki, yeni versiya yalnız orfoqrafik səhvləri, təkrar sözləri müəllifə yanlış kimi göstərəcək: “Üslub səhvi yalnız ingilis dilində təqdim olunan redaktə proqramlarında göstərilir. Azərbaycan dili üçün üslub səhvlərinin düzəlişi hələlik əlavə olunmayacaq. Buna səbəb isə Azərbaycan bazarının çox balaca olmasıdır. Leqal lisenziyadan istifadə edən də azdır. Bizim ölkədə 81 faiz pirat istifadəçi var. Bunun nəticəsində də bazar balaca görünür”.

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov problemin ciddi olduğunu bildirib: “İnformasiya texnologiyaları sahəsində çalışanlar dilçilərimizlə davamlı əməkdaşlıq etmirlər. Dövlət dili haqqında konsepsiyada da bu məsələyə toxunulub. İnformasiya texnologiyaları ilə məşğul olan qurum akademiklərlə, universitetlərlə və xüsusilə Azərbaycan Tərcümə Mərkəzi ilə geniş əməkdaşlıq edə bilər. Müqavilə bağlanmalı, proqram hazırlanmalı və sonda insanların savadlı istifadə edə biləcəyi onlayn redaktə proqramı təqdim etməlidir. Aidiyyəti qurumlar müşavirə keçirib, problem və çətinliyin nədən ibarət olduğunu müəyyənləşdirib aradan qaldırmalıdırlar ”.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “Report”a verilən məlumata görə, rəsmi qurum hazırda “Dilmanc” layihəsinə texniki dəstək göstərir və Nazirliyin Məlumat Hesablama Mərkəzinin yenidən layihənin inkişafı istiqamətində işlərin görülməsi nəzərdə tutulur. Proqramda redaktə funksiyasının aktiv edilməsi layihənin ilkin mərhələsində plan formasında olub.

Məlumatda bildirilir ki, “Dilmanc” proqramı layihəsinin yaranmasında və inkişafında Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu, konkret olaraq, İnstitutun professoru Məsud Mahmudovla sıx əməkdaşlıq edilib.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Kompüter dilçiliyi şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor Məsud Mahmudov "Report"a açıqlamasında vaxtilə “Microsoft Azərbaycan”da ofis proqramlarının tərcüməsi ilə məşğul olunduğunu, layihədə AMEA Nəsimi adına Dilçilik İnstitutu ilə bərabər bir neçə təşkilatın da iştirak etdiyini vurğulayıb: “Sonuncu dəfə “Microsoft Azərbaycan”la 5-6 il bundan öncə əməkdaşlıq etmişdik. Hazırda heç bir əməkdaşlığımız yoxdur. Zamanla proqramda təkmilləşmə olmalı idi. Orfoqrafiyada olan yeniliklər öz əksini tapmalıdır. Bu çox vacib məsələdir. Öhdəsindən gələ bilməyəcəyimiz bir çətinlik deyil. İnstitutun plan işlərində yer alan bəzi məsələlərin yerində bu məsələ olmalı idi. Mütəmadi olaraq, bununla məşğul olan qurum lazımdır ki, daim nəzarət etsin. Azərbaycanda onlayn redaktə proqramının olmaması, sadəcə, səhlənkarlığın nəticəsidir”.

Proqramçı Elşad Yusifli bildirib ki, yerli bazarın dar olması prosesin sürətlənməsinə maneçilik törədir: “Rus və ingilis dilləri çox istifadə olunan dillər olduğundan burada biznes marağı var və həmin dillərdə onlayn redaktə proqramı fəaliyyət göstərir. Hətta Türkiyədə 2-3 onlayn redaktə saytı mövcuddur. Azərbaycan dili dünyada geniş istifadə olunan dil olmadığından bu cür proqram yoxdur. Bu iş böyük araşdırma tələb edir. 2-3 proqramçının bir araya gələrək həll edəcəyi sadə bir məsələ deyil. Dilin bütün bazası araşdırılmalı, sxemi çıxarılmalıdır. Bütün bunları hansısa şəxsə biznes marağına görə etmək sərf eləmir. Çünki istifadəçi azdır. AMEA və aidiyyəti qurumlar dövlət dəstəyi ilə belə bir proqram reallaşdıra bilər”.

Onun fikrincə, “Dilmanc” layihəsində belə bir xidmətin olması nəzərdə tutulubmuş, amma sonradan yarımçıq qalıb: “Dövlət bunu özəl sektora sifariş edə bilər, amma bizdə də bu növ fəaliyyət sistemi geniş yayılmayıb. Azərbaycanda bunu istifadə edən demək olar ki, jurnalistlər, yazı adamlarıdır. Hansısa bir şəxsin bunu hazırlayıb həmin istifadəçilərə satması real görünmür. Burada problemin yeganə həlli dövlətin sifarişçi olmasıdır”.

Nigar Adil

Son xəbərlər

Orphus sistemi