Yuxarı

Azərbaycan və İran jurnalistləri hər iki ölkənin sərhədyanı bölgələrində görüşlər keçirəcək

​İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Məmmədrza Nəcəfi Mətbuat Şurasında olub

Bakı. 14 mart. REPORT.AZ/ Bu gün İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Məmmədrza Nəcəfi Azərbaycan Mətbuat Şurasında (MŞ) olub.

Bu barədə "Report"a MŞ-dan məlumat verilib.

Məlumata görə, MŞ sədri, millət vəkili Əflatun Amaşov Azərbaycan və İran xalqları arasında münasibətlərin tarixiliyinə diqqət çəkib. Müasir dövrdə də bu əlaqələrin qorunmasının vacibliyindən söz açan Şura sədri mövcud prosesdə hər iki ölkə jurnalistlərinin üzərinə mühüm missiyanın düşdüyünü dilə gətirib. "Hesab edirik ki, Azərbaycanın və İranın media nümayəndələrinin təmasları inkişaf etdirilməlidir. Bu təmaslar daim olub. Ancaq indiki dövrdə məsələyə daha həssas yanaşmaq zərurəti var. Mətbuat Şurası bu qənaətdədir ki, İrandan Azərbaycana, Azərbaycandan isə İrana jurnalist səfərlərinin təşkili, birgə fikir mübadilələrinin aparılması ölkələrimiz arasındakı yaxınlaşmaya, ümumən tarixi bağlılığın dərinləşməsinə mühüm töhfə olardı", - deyən Ə.Amaşov qonağı rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə də məlumatlandırıb.

M.Nəcəfi bildirib ki, İran və Azərbaycan arasında siyasi və iqtisadi müstəvidə geniş əlaqələr mövcuddur. Bu baxımdan hər iki ölkə mediasının bir-birinə daha sıx yaxınlaşması arzuolunandır. İndiyədək İranda Azərbaycan jurnalistlərinin 10 heyətinin səfərdə olduğunu vurğulayan mətbuat katibi onu da deyib ki, münasibətlərin KİV rəhbərləri səviyyəsində qurulması faydalı olardı.

Görüşdə İran-Azərbaycan jurnalistlərinin dostluq qrupunun formalaşdırılmasının, jurnalistika sahəsində fəaliyyət göstərən müəllimlərin, təhsil alan tələbələrin təcrübə mübadiləsi üçün şərait yaradılmasının, birgə konfransların və digər tədbirlərin təşkilinin vacibliyi önə çəkilib. Həmçinin yeni qarşılıqlı əməkdaşlıqda ilk addım kimi İran və Azərbaycan jurnalistlərinin hər iki ölkənin sərhədyanı bölgələrində görüşlərinin keçirilməsi məqsədəmüvafiq sayılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi