Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan “Report” İnformasiya Agentliyinin baş ofisində olub.
Ofislə tanışlıqdan sonra mətbuat müşaviri Hüseyn Altınalanla “Report”un baş redaktoru Murad Əliyev arasında görüş keçirilib.
M.Əliyev qonaqla söhbətində “Report” İnformasiya Agentliyinin fəaliyyəti barədə məlumat verib, “Report”un Türkiyə ilə bağlı xəbərlərə geniş yer verdiyini bildirib. Səfirliklə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayan baş redaktor əməkdaşlığın gücləndirilməsinin hər iki ölkənin media qurumları üçün də faydalı olacağını söyləyib.
Səmimi görüşə görə təşəkkürünü bildirən Hüseyn Altınalan Azərbaycanda çalışmaqdan məmnun olduğunu, bu ölkədə olarkən özünü vətənində hiss etdiyini deyib. Türkiyənin güclü orduya malik bir dövlət olduğunu deyən mətbuat müşaviri ölkəsində heç bir milli, dini və irqi ayrı-seçkilik olmadığını, yalnız terror və terrorçularla mübarizə apardıqlarını vurğulayıb.
Görüş tərəfləri maraqlandıran suallar ətrafında müzakirələrlə davam etdirilib.
Xatırladaq ki, H.Altınalan Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri vəzifəsinə 2019-cu ilin oktyabr ayında təyin edilib. O, daha əvvəl Türkiyənin “Anadolu” dövlət agentliyinin İstanbul ofisinin direktoru vəzifəsində çalışıb.