​Tərcümə Mərkəzi "Mir" telekanalına etiraz məktubu ünvanlayıb - VİDEO

​Tərcümə Mərkəzi "Mir" telekanalına etiraz məktubu ünvanlayıb - VİDEO "Verilişdə təkzib verilməsini zəruri hesab edirik"
Media
24 Noyabr , 2015 15:56
​Tərcümə Mərkəzi Mir telekanalına etiraz məktubu ünvanlayıb - VİDEO

Bakı. 24 noyabr. REPORT.AZ/ Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi "Mir" telekanalının direktoru xanım Yekaterina Abramovaya və "Mir" Dövlətlərarası Teleradio Şurasının (DTRŞ) Azərbaycan Respublikasındakı Milli Nümayəndəliyinin direktoru İlqar Paşazadəyə etiraz məktubu ünvanlayıb.

Bu barədə "Report"a Tərcümə Mərkəzindən məlumat verilib.

Məktubda bildirilib ki, 23.11.2015-ci il tarixində "Mir" televiziya kanalının "180 минут новостей на завтрак" proqramında dünyanın ən gözəl metro stansiyası kimi təqdim olunan Bakının "Nizami" metro stansiyasının "dahi fars şairi Nizami Gəncəvinin adını daşıyan metro stansiyası", stansiyanın arxitektoru - Azərbaycanın xalq memarı Mikayıl Hüseynovun isə "görkəmli sovet memarı" kimi təqdim olunması kanalın Azərbaycana, onun milli-mədəni tarixinə sayğısızlığının bariz nümunəsidir. 

"Məlumat üçün bildiririk ki, Nizami Gəncəvi 1141-ci ildə Azərbaycanın Gəncə şəhərində anadan olub, bütün ömrünü burada yaşayaraq yazıb-yaradıb, 1209-cu ildə orada da vəfat edib. Əsərləri ilə dünyada dahi Azərbaycan şairi kimi tanınır. Həmçinin, verilişdə "sovet memarı" kimi təqdim olunan Mikayıl Hüseynov - tanınmış Azərbaycan memarıdır. Məlumat mətnində "Azərbaycan" adının bu sayaq "səliqə ilə" ört-basdır edilməsi, "Мир" (Dünya) adını daşıyan kanalınıza şərəf gətirmir. Deyilənlərin nəzərə alınmasını, xəbərə dair adıçəkilən verilişdə təkzib verilməsini zəruri hesab edirik", - etiraz məktubunda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi