“Yaxşı yazıçı olmağın xüsusi düsturu yoxdur, bu, zamanla yaşadığın həyat hekayəsi əsasında formalaşır”.
"Report" bildirir ki, bu sözləri Report Media Məktəbinin tələbələri ilə görüşdə publisist, tərcüməçi, yazıçı Nəriman Əbdülrəhmanlı deyib.
N.Əbdülrəhmanlı qeyd edib ki, yazıçı olmaq istəyən hər kəs zəhmətə qatlanmalı, əziyyət çəkməli, tənhalıq, aldanmaq, kasıblıq kimi halları yaşamalıdır:
“Bu gün gənclər roman yazmağa çox tez başlayır. Məncə, 18 yaşından roman yazmağa başlamağın elə özü bir romandır. Roman yazmaq üçün əlində müəyyən həyat təcrübəsi, ortada yaş faktoru olmalıdır. Ədəbiyyat həm də nəfəslə bağlıdır. Elə adam var, nəfəsi hekayə ilə hesablanıb. Böyük həcmli nəsr əsərində eyni yaradıcılığı göstərə bilmir. Mənim üçün yaradıcılığın başlıca kriteriyalarından biri İlahidən gələn əmrə tabe olmaq və zəhmətə qatlaşmaqdır. Gənclərə şöhrətə vaxtından tez aldanmamağı məsləhət edirəm”.
Yazıçı romanlarının üslubunun ağır, dilinin çətin olması barədə fikirlərə də münasibət bildirib:
“Yazdığım əsərlər mənim dünyada baş verənləri ifadə etmək tərzimdir, yazı strukturumun göstəricisidir. Yazıçını hər kəs bəyənə bilməz. Bu bir aksiomdur. Əsərlərimi oxumaqda çətinlik çəkənlər fikir dolambaclarından uzaq, lakonik cümləyə üstünlük verənlərdir. Hərənin öz söz bazası var. Bu baza isə yaşadığı mühit əsasında formalaşır. Əslində, mənim əsərlərimdə istifadə etdiyim sözlərin hər biri Azərbaycan dilindədir. Unudulsa da, yaddaşımızın alt qatlarında mövcuddur. Biz yazıçılar həmin sözləri ədəbiyyata gətirməklə yenidən tanıtmalıyıq. Sadaladığım səbəblərə görə, əsərlərimin dilini çətin qəbul edənlər var, bu da normal haldır. Oxucuya böyük hörmətim olsa da, ona orientasiya etməklə razı deyiləm. Oxucunun yarısı bəyənir, yarısı oxuduğunu anlamadığını deyir. O zaman belə bir sual yaranır, yazıçı burada hansı tərəfi düşünməlidir? Yaxşısı budur, elə öz daxili aləmində olanı yazsın. Anlamaq iqtidarında olanlar onsuz da anlayacaq”.
Nəriman Əbdülrəhmanlı görüşdə Report Media Məktəbinin tələbələrinin suallarını cavablandırıb, onlara Azərbaycan dilinin üslub xüsusiyyəti barədə məlumat verib.