STM-in son sorğusu hansı detalları üzə çıxartdı?

STM-in son sorğusu hansı detalları üzə çıxartdı? Sosial Tədqiqatlar Mərkəzinin (STM) Mətbuat Xidmətinin rəhbəri Əziz Əlibəyli “Sosial Tədqiqatlar Mərkəzinin son sorğusu hansı detalları üzə çıxartdı?” adlı məqalə yazıb.
Media
23 Dekabr , 2020 16:05
STM-in son sorğusu hansı detalları üzə çıxartdı?

Sosial Tədqiqatlar Mərkəzinin (STM) Mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli “Sosial Tədqiqatlar Mərkəzinin son sorğusu hansı detalları üzə çıxartdı?” adlı məqalə yazıb.

“Report” həmin məqaləni təqdim edir:

Sosial tədqiqatlar reallığı öyrənməyin ən optimal və mükəmməl variantıdır. Burda obyektivliyin təmin olunması və nəticələrin real əks olunması üçün elmi tədqiqat metodlarından istifadə edilir.

Cəmiyyət və dövlət həyatını, ictimai rəyi, sosial dinamikanı maraqlandıran, əhatə edən məsələlər öyrənilir, həlli yolları işləyib hazırlanır və inkişaf perspektivləri müəyyən edilir.

Bir sözlə, vətəndaşla dövlət arasında ictimai rəyi toplayaraq, ölçərək, müəyyən edib, dövlətə çatdıran rəy körpüsüdür.

2019-cu ildə Prezidentin fərmanı ilə yaradılan “Sosial Tədqiqatlar Mərkəzi”nin (Bundan sonra STM) əsas missiyası da sözügedən məsələləri sosial tədqiqatların elmi metodlarına əsasən araşdırmaq, həll yollarını təklif etmək və xüsusi məsələlər barədə eyni xarakterli sorğu sənədlərinin qısa xülasəsini, məlumatların məxfilik dərəcəsindən asılı olaraq, açıq və qapalı formada dövlət rəhbərliyinə və müvafiq hökumət qurumlarına təqdim etməkdən ibarətdir.

Bu günə qədər STM onlara sorğu hesabatı, yüzlərlə arayış hazırlayıb, bir çoxunu isə brifinqlər və təqdimatlar vasitəsilə ictimaiyyətin müzakirəsinə təqdim edib.

Elə adı cəmiyyətə kifayət qədər yaxşı tanış olan məsələlərdən bəhs edirik: "İnam indeksi" jurnalının rüblük buraxılışlarında Azərbaycan prezidentinin reytinqini dəfələrlə açıqlamışıq və ya “Azərbaycan barometri" jurnalı çərçivəsində Azərbaycanda pandemiya ilə mübarizə ictimai rəydə, Prezidentin sosial və kadr islahatları ictimai rəydə, yeni imtahan modeli, daxili urbanizasiya problemləri, Qarabağa qayıdış, Vətən müharibəsinə ictimai münasibət və s. kimi fundamental məsələlərə ictimai münasibət açıqlanıb.

Gəlin, hər şeydən əvvəl qəbul edək ki, sorğu işi, sorğu fenomeni situativ xarakterə malikdir.

Bu gün cəmiyyətin maraqlarını ifadə edən tendensiya sabah aktual olmayacaq, çünki bu, sorğu işinin təbiətinə xas nüansdır.

Sorğulara ancaq və ancaq situativ yanaşılərr, amma bütün situasiyalardakı davamlılığı da aşkar edilərək perspektivləri müəyyən edilə bilinir.

Sorğularda kontekst məsələsi ən vacib detaldır. Yəni sualları hansı məsələni aşkar etmək üçün qoyursunuz? Müəyyən etmək istədiyiniz konkret hansı mahiyyət üzrə məsələlərdir?

Digər bir ciddi fərqlilik sorğu cavablarında hamının öz istədiyi cavabların daha çox faiz yükü ilə görmək istəməsidir. Amma yuxarıda da qeyd etdik ki, sorğu işi fərdi düşüncənin sensual yanaşmasına söykənmir, rəy daşıyıcısı ucqar bir rayonun ən ucqar kəndində yaşayan sadə vətəndaş da ola bilər.

Məhz bu yerdə sual verək:STM sorğu keçirdiyi şəxsləri necə müəyyən edir?

Azərbaycan əhalisinin sayına görə (10 milyon nəfər) minimum 384 nəfər respondenti düzgün seçmə metoduna əsaslanaraq seçdikdə reprezentativliliyə əsaslanan kəmiyyət sorğusu həyata keçirmək mümkündür.

İkincisi, təsadüfi seçmə yolu ilə müəyyən edilən respondentlərdən əldə edilən cavablar ən müasir sorğu proqramları ilə (Survey to Go və s.) toplanır və emal edilir.

Üçüncüsü, ölkənin bütün regional əraziləri üzrə sorğular həyata keçirilir və nəhayət, üzbəüz sorğu metodu əvəzinə Covid -19 pandemiyası ilə əlaqədar olaraq bütün dünyada, o cümlədən bizdə telefon sorğuları - “Call Center” vasitəsilə aparılır.

Yəni respondentlərin seçmə mərhələsi adekvat şəkildə aparılır, bütün indikatorlar, müəyyənedici göstəricilər üzrə seçmələr baş tutur, telefon sorğu prosesləri məsul şəxslər tərəfindən izlənilir və koordinasiya olunur. Bunun məqsədi düzgün və reallığa uyğun nəticələri əldə etməkdir.

STM sorğularında birmənalı olaraq, xəta əmsalı 4 % civarından yüksək deyil.

Digər məsələlər barədə...

STM-in cəmiyyətdə çox böyük maraq doğuran son sorğu sənədlərindən olan Vətən müharibəsinin yekunlarına ictimai münasibət də göstərir ki, Azərbaycan xalqı 44 gün ərzində baş verənləri obyektiv formada dəyərləndirib və hadisələrin mahiyyəti barədə, regionda baş verən siyasi reallıqlar, proseslər haqda məlumata malikdir.

Belə ki, sorğuda respondentlər Vətən müharibəsi ilə bağlı gözləntiləri və ölkə üzrə təsirləri, 10 noyabr tarixində imzalanan bəyanatla bağlı məlumatlılıq və münasibət, Birgə bəyanatın ictimai-siyasi ifadəsi, Bölgədə sülhün təmin edilməsində sülhməramlı faktoru, azərbaycanlılarla ermənilərin birgəyaşayışına və müharibənin yenidən başlamasına münasibət, Vətən müharibəsi dövründə informasiya siyasəti və məlumat mənbələri kimi başlıqlar altında cəmləşdirilən suallara cavab veriblər.

Vətən müharibəsi dövündə ən yüksək gözlənti (90,6 faiz) Dağlıq Qarabağ və ona bitişik 7 rayonun tamamilə işğaldan azad edilməsi idi ki, müharibənin sonunda da buna nail olundu. Vətən müharibəsi əhalinin demək olar ki, mütləq əksəriyyətinin gözlədiyi kimi yekunlaşıb.

Bu sorğu sənədinin ən çox müzakirə edilən hissələri isə bölgədə sülhün təmin edilməsində sülhməramlı faktoruna bəslənən göstəricilərdə meydana çıxır.

Belə ki, respondentlərin yarıdan çoxu (54.7 %) hesab edir ki, bölgədə sülh həm Rusiya, həm də Türkiyə sülhməramlıları tərəfindən təmin edilə bilər. İkili fəaliyyət nəzərdə tutulur, amma ayrı - ayrılıqda sırf Rusiyaya münasibət sülhmərmalı kimi sülhü təmin edəcəyinə inananlar 1 faiz, türk ordusu üçün isə müvafiq olaraq göstərici 29.0 %-dir. (Ümumiyyətlə, Türkiyə ilə bağlı müsbət rəqəmlərin göstəriciləri həmişə yüksək qiymətləndirilib. Məsələn, "Azərbaycan Respublikasının Dövlət Bayrağına münasibət ictimai rəydə" sorğusunda Azərbaycanın Dövlət bayrağından başqa daha hansı dövlətlərin bayrağına simpatiya duyursunuz?” sualına respondentlərin 95,1 faizi Türkiyə cavabını seçib.)

Burda söhbət ondan gedir ki, orduların sülhü təmin etmək missiyası xalqların birgəyaşayışı kontekstində nəzərdən keçirilir.

Bu halda Qarabağda erməni əsilli vətəndaşlar nöqteyi-nəzərindən yalnız türk ordusunun varlığı arzu edilən ola bilməz.

Azərbaycanlılarla ermənilərin birgəyaşayışına və müharibənin yenidən başlamasına münasibət də maraqlı nəticələrlə yadda qalıb.

Əhalinin mühüm bir hissəsi (66.2 %) Qarabağın inzibati ərazilərində azərbaycanlılarla ermənilərin birgəyaşayışının heç zaman mümkün olmayacağını, 19.4 % isə bir neçə ildən sonra mümkün ola biləcəyini düşünür. Cəmi 4.8 % respondent hesab edir ki, bu, yaxın gələcəkdə mümkündür.

Cəmiyyətin daha böyük bir hissəsi (66.0 %) Ermənistanla Azərbaycan arasında hərbi münaqişənin bir daha yenidən alovlanmayacağını düşünməsə də, 28.6 % respondentin bunun əksini düşünməsi narahatedici məqamdır. Başqa sözlə, bu nəticə əhalinin müəyyən qisminin (28.6 %) münaqişənin tam bitməməsini düşündüyündən xəbər verir.

İlham Əliyev
İlham Əliyev

Vətən müharibəsi dövründə informasiya siyasəti və məlumat mənbələri barədə də nəticələr göstərir ki, əhalinin (Mətndə əhali ifadəsi respondent anlayışının qarşılığı kimi verilib) əsaslı hissəsi hesab edir ki, Vətən müharibəsi dövründə ölkə Prezidentinin xarici KİV-lərə müsahibələri informasiya müharibəsində qələbə qazanmağımızda həlledici rol oynadı (80.0 %).

Müharibədən öncə olduğu kimi, 44 günlük müharibə dövründə də televiziyalar əhalinin əsas informasiya mənbəyi kimi qarşıya çıxır (90.4 %). Ən çox baxılan televiziya kanalı kimi 62.6 % ilə AZTV ilk mövqedə dayanır.

Ölkə Prezidentini sosial şəbəkədən izləyənlərin əksəriyyəti (79.0 %) Twitter platforması üzərindən izləyir. 13.9 % respondent isə Prezidentin Instagram, 11.1 % isə facebook hesablarından izləyib.

Əhalinin cəmi 4.2 %-i 44 günlük müharibə dövründə internet TV-dən əsas informasiya mənbəyi kimi istifadə edib ki, onların da arasında Kanal 13 (44.0 %), Meydan TV (28.0 %) və Baku TV (20.0 %) diqqət çəkir.

Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyəti, keçirdiyi sorğular və digər məsələlərlə bağlı ətraflı məlumatı stm.az saytından və sosial şəbəkələrdəki hesablarımızdan əldə etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi