“Report” İnformasiya Agentliyinin nəzdində fəaliyyət göstərən Media Məktəbinin 16-cı qrupunun tələbələri Azərbaycan Mətbuat Şurasının rəhbərliyi ilə görüşüblər.
“Report” xəbər verir ki, görüşdə Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, icraçı katibi Əvəz Rüstəmov, icraçı katibin müavinləri İlqar Tağıyev və Fəridə Ağazadə, Ahıl Jurnalistlər Məclisinin sədr müavini, Əməkdar jurnalist Əminə Yusifqızı iştirak ediblər.
Rəşad Məcid tələbələrə şuranın strukturu, Şikayət Komissiyasının gördüyü işlər barədə ümumi məlumat verib.
“Mətbuat Şurasının 23, Şikayət Komissiyasının isə 7 üzvü var. Hər iki ildən bir üzvlər dəyişir. Ayda bir dəfə müzakirələr edirik. Burada mətbuatla bağlı məsələlərin həlli istiqamətində işlər aparılır”, - sədr deyib.
Mətbuat Şurasının sədri jurnalistika sahəsində müşahidə edilən problemlərdən bəhs edib: “Jurnalistika mühüm vəzifədir. Günümüzdə isə hər kəs jurnalist olmaq istəyir, lakin işin incəliklərinə toxunmaq xüsusi müşahidə və analitik qabiliyyəti tələb edir. Bunun üçün də oxumaq lazımdır. Mənim gənclərə tövsiyəm odur ki, çox oxusunlar”.
Şikayətlər komissiyası barədə isə icraçı katib Əvəz Rüstəmov məlumat verib.
“Şikayət Komissiyasının strukturu iki yerə bölünür. İdarə heyəti qərar verən, katiblik də icra edən orqandır. Katiblikdə şikayətlər və müraciətlər toplanır, daha sonra onlar səlahiyyətlərinə görə bölünür. Şikayət media fəaliyyəti ilə bağlıdırsa, bu zaman katiblik ilkin mərhələdə razılaşma əldə etməyə çalışır. Qərəz motivləri və konkret şəxsi hədəfə alma halı varsa, müvafiq media qurumuna müraciət edilir”, - icraçı katib bildirib.
Mətbuat Şurası Azərbaycanda medianın özünütənzimləməsini həyata keçirən orqandır. 15 mart 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. Həmin il aprelin 24-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Mətbuat Şurasının məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir.