"Report" İnformasiya Agentliyində fəaliyyət göstərən Report Media Məktəbinin növbəti qrupu üçün yeni təlim proqramına start verilib.
Müraciət etmiş 7 nəfər gənc agentlikdə xəbər, müsahibə, reportaj, araşdırma yazıları hazırlayacaq, jurnalistika peşəsinin sirlərini öyrənəcək. Təlim dövründə Multimedia jurnalistikasına önəm veriləcək.
Report Media Məktəbinin koordinatoru İsmayıl Rafiqoğlu proqramın iştirakçıları ilə görüşdə bildirib ki, təlimlərin daha dinamik olması önəmlidir: “İnformasiya mühiti jurnalistikanı tam dəyişdirib. Sürətli qərar qəbul etmək, xəbərin dəqiqliyini operativ olaraq yoxlamaq əhəmiyyət kəsb edir. Jurnalist multimedia vasitələri ilə məlumatı tez bir zamanda internet istifadəçisinə çatdırmalıdır. Bu kimi məsələləri Report Media Məktəbində tədris etməyi düşünürük”.
Report Media Məktəbi 2018-ci ilin iyun ayında fəaliyyətə başlayıb. Media məktəbinin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə çatdırmaq, jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığın artırılmasını təmin etməkdir.
Bu müddətdə bir neçə buraxılış olub, Report Media Məktəbini uğurla bitirən məzunlara sertifikat təqdim edilib.