Bakı. 21 dekabr. REPORT.AZ/ Azərbaycan Dillər Universitetində (ADU) “ADU Jurnalistika klubu”nun növbəti təlimi keçirilib. Bu barədə “Report”a ADU-nun İctimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.
Təlimi “Report” İnformasiya Agentliyinin (İA) əməkdaşı Orxan Əzim aparıb. O, “Fotojurnalistika, multimedia qaydaları, müharibə fotoqrafiyası”, o cümlədən “Müharibə fotoqrafiyası” və “Müharibə jurnalistikası” mövzularında çıxış edib. Orxan Əzim bu sahənin digərlərinə nisbətən daha vacib, çətin və məsuliyyətli olduğunu bildirib. O, multimedia qaydalarından danışan zaman Bakının “Sovetski” adlandırılan məhəlləsindən hazırladığı videonu təqdim edib və interaktiv formada keçirilən təlimdə “Multimedia nədir?”, “Onu necə hazırlamaq lazımdır?” sualları ətrafında tələbələrə məlumat verib.
Qeyd edək ki, Orxan Əzim “Report” İA-dan əvvəl Azərbaycan Dövlət Televiziyasında rejissor, ann.az xəbər portalında və “Kitabçı” jurnalında fotoreportyor kimi çalışıb. BƏƏ-də və Sinqapurda keçirilən sərgidə öz fotolarını nümayiş etdirib, “Oda” teatrında “Köç” adlı ilk fərdi fotosərgisi təşkil olunub.