Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
"Report" xəbər verir ki, jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi siyasi elmlər üzrə fəlsəfə doktoru Pərviz Səmədov olub.
O, doğulub boya-başa çatdığı Qərbi Azərbaycanın Göyçə mahalından, Basarkeçər rayonunun Zərkənd kəndindən söhbət açıb. Bildirib ki, Qərbi Azərbaycan, o cümlədən Göyçə mahalı Cənubi Qafqazın ən qədim yaşayış məskənlərindən biridir. Onun sözlərinə görə, hətta Oğuz türklərinin əcdadı Oğuz xanın məzarı da Göyçə gölü ətrafındadır:
“Ermənilər Qərbi Azərbaycana son iki yüz il ərzində köçürülüblər. Onların bu coğrafiyada mövcud olma tarixi 1813-cü il “Gülüstan” və 1828-ci il “Türkmənçay” sülh müqavilələrindən sonraya təsadüf edir. Bunu ermənilər özləri də etiraf edirdilər. Hətta vaxtilə Azərbaycanın Qarabağ bölgəsinə gəldikləri tarixi özündə əks etdirən abidə də var idi. Sonradan onu dağıdıb tarixin izini itirməyə çalışdılar. Təsadüfi deyil ki, ermənilər özlərini Türkmənçayoğulları adlandırırlar. Bu faktın özü də onların bu coğrafiyaya gəlmə olduqlarını bir daha təsdiqləyir”.
Qərbi Azərbaycanda erməni terror təşkilatlarının törətdiyi çoxsaylı cinayətlərdən, terror aktlarından söhbət açan P.Səmədov deyib ki, 1905-1907, 1918-1920, 1937, 1948-1953, 1988-1991-ci illərdə Azərbaycan türklərinə qarşı kütləvi qətliamlar həyata keçirilib, soydaşlarımız zorla öz dədə-baba yurdlarından deportasiya olunublar:
“İndiki Ermənistanda azərbaycanlılara qarşı çoxsaylı terror aktları törədilib. Bu terrorizm sadəcə partlayışdan, silah tətbiqindən ibarət deyildi. Bir də bir səssiz, silahsız terror var idi. Misal üçün, Basarkeçərdə həkim-cərrah işləyən Ağvan Nersesyan xəstəxanaya müraciət edən azərbaycanlı xəstələrin qəsdən sağlamlığına ziyan vururdu. O, azərbaycanlıları cərrahiyyə əməliyyatına məruz qoyaraq onların qarın boşluğunda bint, qayçı, bıçaq və sair kimi yad cisimlər qoyur, qısa müddətdə onların ölümünə səbəb olurdu. Ağvan Nersesyan 100 azərbaycanlı-türk oğlan uşağını öz əlləri ilə öldürməsini fəxrlə qeyd edib. Basarkeçərin kəndlərindən rayon mərkəzinə, yaxud İrəvana gedən marşrut avtobuslarının qarşısını kəsən ermənilər azərbaycanlıları aşağı düşürüb onları vəhşicəsinə döyüb, ölümlərinə səbəb olublar. Nə Ağvan Nersesyan, nə də azərbaycanlılara qarşı çoxsaylı cinayətlər törədən digər erməni quldurları o dövrdə cəzalandırılmayıblar. Ermənistan cinayətkarları cəzalandırmaq əvəzinə öz susqunluğu ilə dövlət səviyyəsində onlara dəstək verirdi”.
P.Səmədov deyib ki, ermənilərin sosiallaşmasında, digər xalqlara münasibətində daim bir terrorçuluq “mədəniyyəti” özünü büruzə verir. Alimin sözlərinə görə, ermənilər digər xalqlara hər zaman nifrət ediblər:
“Qərbi Azərbaycanda ermənilər azərbaycan türkləri ilə yanaşı, rus, yəhudi, kürd və sair millətlərə qarşı da ayrı-seçkilik, vəhşilik, deportasiya, zorakılıq siyasəti tətbiq ediblər. Beləliklə də indiki Ermənistan monoetnik dövlətə çevrilib. Ermənilər tarixi torpaqlarımızı mənimsəyib, mülklərimizə, maddi-mədəniyyət abidələrimizə sahib çıxıb, özününküləşdirməyə cəhdlər ediblər. Müxtəlif illər ərzində deportasiya və soyqırıma məruz qalan soydaşlarımız ən müxtəlif ölkələrdə məskunlaşıblar. Lakin 44 günlük müharibədə Azərbaycan Ordusunun qalibiyyəti, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin prinsipial siyasəti, Qərbi Azərbaycan İcmasının yenidən təşkilatlanması və əməli fəaliyyəti bizim tarixi torpaqlarımıza dönəcəyimiz günü yaxınlaşdırıb. Hazırda bizim əsas məqsədimiz Qərbi Azərbaycana, o cümlədən Göyçəyə, Zəngəzura, İrəvana dinc şəkildə, beynəlxalq hüquq normalarına uyğun qaydada qayıtmaqdır”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.