"Fransa hökumətindən AzTV əməkdaşlarına hücumun araşdırılmasını tələb edirik".
Bunu "Report"a açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri (JuHİ), Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli deyib.
O, "Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) QSC-nin əməkdaşlarının Fransanın Nanter şəhərində hücuma məruz qalmasını kəskin şəkildə pislədiklərini söyləyib: "Biz Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı olaraq hesab edirik ki, bu hücum ümumilikdə söz və ifadə azadlığına qarşı törədilmiş bir basqıdır. Həmin hadisə hüquq-mühafizə orqanları tərəfindən diqqətlə araşdırılaraq lazımi qiymətini almalıdır. Təəssüf hissi ilə vurğulamaq istəyirik ki, bu, ötəri bir insident deyil. Uzun illər ərzində Fransada azad sözə, sərbəst jurnalistikaya qarşı aparılmış basqıların bariz nümunəsidir".
"Hələ 2020-ci ildən Fransada fəaliyyət göstərən TF1 televiziya kanalı Azərbaycan həqiqətlərini işıqlandırdığına görə erməni icması tərəfindən basqına məruz qalmışdı. Lakin həmin basqın hüquq-mühafizə orqanları tərəfindən sona qədər araşdırılmamış, bu hadisə ilə əlaqədar layiqli ölçü götürülməmişdi. Bundan əlavə, son beş ildə Fransada media mühitinin ağırlaşması, həm qanunvericiliyin pisləşməsi, həm jurnalistlərə qarşı müxtəlif insidentlərin baş verməsi, həm də aksiyaları işıqlandıran media mənsublarının hücumlara məruz qalması, həbs olunması, xəsarətlər alması barədə çoxsaylı informasiyalar mövcuddur", - qurum rəsmisi xatırladıb.
M.Ələsgərli bildirib ki, Fransa hökuməti, xüsusilə Prezident Emmanuel Makron hakimiyyəti dövründə bu cür hadisələrə laqeyd yanaşıb, azad sözün boğulmasına göz yumub: "Bütün bunların nəticəsi olaraq nəinki Fransa jurnalistləri, həmçinin həmin ölkədə fəaliyyət göstərən digər dövlətlərin jurnalistləri də bu cür çətinliklərlə üzləşirlər. İkinci təəssüf doğuran hal isə ondan ibarətdir ki, Paris şəhərində media azadlığının müdafiəsi ilə məşğul olan bir neçə beynəlxalq təşkilat mövcuddur, o cümlədən “Sərhədsiz Reportyorlar” təşkilatının mənzil-qərargahı Paris şəhərində yerləşir. Beynəlxalq statuslu jurnalist təşkilatları, həmçinin “Sərhədsiz Reportyorlar” da bəhs olunan tipli insidentlərə ikili standartlarla yanaşırlar. Onlar yerləşdikləri ölkə ərazisində jurnalistika ilə bağlı baş verən hadisələrə lazımi qiymət vermir, hətta belə faktları gizlədirlər. Biz Fransa hökumətinə, hüquq-mühafizə orqanlarına, eyni zamanda Fransada yerləşən beynəlxalq statuslu jurnalist təşkilatlarına müraciət edərək bu faktın araşdırılmasını və lazımi ölçü götürülməsini tələb edirik”.