Bakı şəhəri, Abşeron yarımadası və Mingəçevir şəhəri ərazisində ümumölkə televiziya və radio proqramlarının monitorinqi aparılmış və xarici televiziya və radio yayımlarının yaratdığı interferensiyaların səviyyələri ölçülüb.
"Report" xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) 2020-ci il üzrə hesabatında bildirilib.
Aparılan monitorinqin nəticələri əvvəlki monitorinqin nəticələri ilə müqayisə olunub, fərqlər üzə çıxarılmış və nöqsanların aradan qaldırılması üçün əməli təkliflər verilib.
Monitorinqin nəticələri göstərib ki, ölçmə aparılmış ərazilərdə ölkəmizin televiziya proqramlarının yayımı normaldır, ölçülmüş sahə gərginlikləri minimal həddən aşağı deyildir. Bununla yanaşı, ölkəmizin ərazisində xarici ölkələrin həm televiziya, həm də radio proqramlarının geniş şəkildə yayımlanması qeyd olunub. Belə ki, İran İslam Respublikasının ərazisindən yayımlanan televiziya və radio dalğalarının yaratdıqları sahə gərginlikləri yüksəkdir və sayca çoxdur. Bu isə interferensiyaların yaranmasına səbəb olur.
Müşahidə olunub ki, eyni xarici radio proqramı bir neçə xarici stansiyadan yayımlanır. İran İslam Respublikası ərazisindən amplitud modulyasiyası ilə işləyən radiovericilərin də fəaliyyət göstərdiyi aşkar olunub. Qeyd etmək lazımdır ki, COVID-19 pandemiyası ilə əlaqədar olaraq, ölkəmizin ərazisində tətbiq olunmuş karantin və sərt karantin rejimləri səbəbindən genişmiqyaslı monitorinqlərin aparılması mümkün olmayıb.