Bakı. 29 oktyabr. REPORT.AZ/ "Mövhumatın, xurafatın, ekstrasens və falçıların təbliğinə yol verən verilişlər Milli Televiziya və Radio Şurasının daim diqəttindədir".
Bunu "Report"a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) şöbə müdiri Təvəkkül Dadaşov deyib. Onun sözlərinə görə, hazırda ümumrespublika yayımçısı olan telekanalların efirində bu cür verilişlər demək olar ki, yoxdur: "Amma Şuraya daxil olan məlumatlara görə, bəzi region kanallarında falçıları təbliğ edən verilişlər yayımlanır. Hazırda həmin verilişlər MTRŞ tərəfindən təhlil olunur".
T.Dadaşov ANS televiziyasında yayımlanan "Məchulu tapın" verilişi ilə bağlı hazırkı vəziyyətə də toxunub. O bildirib ki, telekanal həmin verilişin vaxtını dəyişib. Veriliş gecə saatlarında yayımlanacaq: "ANS TV "Məchulu tapın" verilişinin vaxtını dəyişdirərək gecə saatlarında efirə verir. Qanuna görə, uşaqların və yetkinlik yaşına çatmayanların əqli, mənəvi və fiziki inkişafına mane ola biləcək verilişlərin səhər saat 07:00-dən axşam 23:00-dək verilməsi qadağındır. Biz "Məchulu tapın" verilişində ekstrasens və falçılığın reklamından şübhələnmişdik. Efirdə hipnoz səhnələri olan, mövhumatı, falçıları təbliğ edən verilişlərin axşam saat 23:00-dan sonra verilməsindən asılı olmayaraq, yenə də diqqətdə saxlanılacaq".