Milli Televiziya və Radio Şurası: ANS saxtakarlıq edib
Bakı. 25 noyabr. REPORT.AZ/ Bu gün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Milli Televiziya və Radio Şurasının (MTRŞ) ANS Müstəqil Yayım və Media Şirkətinə qarşı qaldırdığı iddia üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
"Report"un məhkəmə prosesində iştirak edən əməkdaşı xəbər verir ki, hakim Vüsalə Baxışovanın sədrliyi ilə keçirilən iclasda ANS-in nümayəndəsi Muxtar Mustafayev çıxış edib. O bildirib ki, ANS TV çəkdiyi "Abşeron" adlı televiziya serialını 5 noyabr 2015-ci il tarixində MTRŞ-ya təqdim edib.
MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov isə ANS TV-nin Şuraya başqa adda bir televiziya serialı təqdim etdiyini bildirib: "ANS TV-yə 160 min manat vəsait 1 800 dəqiqə davam edəcək "Abşeron" adlı serialın çəkilməsi üçün ayrılıb. Lakin ANS TV saxtakarlıq edərək MTRŞ-ya "Sevgi naminə" adlı serial təqdim edib".
Prosesdə tərəflər arasında mübahisə düşüb.
ANS-in nümayəndəsi məhkəmədən vaxt istəyib. Növbəti proses dekabrın 9-na təyin edilib.
Qeyd edək ki, MTRŞ televiziya kanalından serial çəkilişi üçün ayrılan 160 min manat vəsaitin, həmçinin 8 min manatlıq cərimənin dövlət büdcəsinə geri qaytarılmasını tələb edir.