​MTRŞ ANS-lə bağlı iclas keçirir

​MTRŞ ANS-lə bağlı iclas keçirir Bu televiziya kanalı ilə bağlı atılacaq növbəti addımlar müzakirə ediləcək
Media
19 İyul , 2016 09:31
​MTRŞ ANS-lə bağlı iclas keçirir

Bakı. 19 iyul. REPORT.AZ/ Milli Televiziya və Radio Şurasında (MTRŞ) iclas keçirilir.

"Report"un məlumatına görə, iclasda ANS Müstəqil Yayım və Media Şirkətinin yayımının dayandırılması ilə bağlı qərar, habelə, bu televiziya kanalı ilə bağlı atılacaq növbəti addımlar müzakirə ediləcək.

Qeyd edək ki, iyulun 18-də Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə ANS telekanalının yayımının müvəqqəti dayandırılması barədə göstəriş verib.

MTRŞ-nın bununla bağlı yaydığı açıqlamasında bildirilib ki, ANS telekanalının qanunazidd fəaliyyəti ilə bağlı məhkəməyə müvafiq müraciət olunacaq və son qərar məhkəmə tərəfindən veriləcək: "Hadisə baş verən andan ANS telekanalı ayrı-ayrı reportajlarında, müsahibələrdə Azərbaycan ictimaiyyətinə Türkiyədə baş verən hadisələrin “hakimiyyət tərəfindən təşkil edilən şou” olduğunu təlqin etməyə, Türkiyə hakimiyyətinin həyata keçirdiyi tədbirləri gözdən salmağa çalışıb. ANS-in ABŞ-dakı əməkdaşı Türkiyədə hakimiyyət çevrilişinə rəhbərlik etməkdə şübhəli bilinən Fətullah Güləndən müsahibə alıb, bu müsahibə yerli və xarici KİV-lər vasitəsilə anons edilib.

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, ANS telekanalı terrorizmin təbliği istiqamətində fəaliyyətini davam etdirib, Türkiyə hakimiyyətinin vəziyyətin sabitləşdirilməsi istiqamətində atdığı addımları hədəfə götürüb, yüzlərlə insanın qətlə yetirilməsinə səbəb olan qəddar cinayətə bəraət qazandırmağa çalışıb və nəticə etibarilə qardaş ölkədə vətəndaş qarşıdurmasının dərinləşməsinə yönələn addımlar atıb.

Türkiyənin hakimiyyət orqanları, bu ölkənin səfirliyi Azərbaycanın dövlət qurumlarına müraciət edərək məsələ ilə bağlı dərin narahatlıqlarını bildirib və müvafiq tədbir görülməsini xahiş ediblər".

Son xəbərlər

Orphus sistemi