Bakı. 5 yanvar. REPORT.AZ/ "Azərbaycanda rəqəmli televiziya yayımına keçid ölkə ərazisində əhaliyə özəl telekanallara maneəsiz baxmaq imkanı yaradıb və bu sahədə olan problemləri aradan qaldırıb".
Bunu "Report"a açıqlamasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (Teleradio İB) texniki direktoru Mikayıl Abbasov deyib.
Onun sözlərinə görə, əvvəllər özəl telekanallar yalnız rayon mərkəzlərində və şəhərlərdə yayımlanırdı: "Ölkə ərazisində rəqəmli televiziya yayımı tam bərpa olunub və heç bir problem yaşanmır. Hazırda istənilən kənddə 10 telekanalın hamısına baxmaq imkanı yaranıb. Halbuki əvvəllər bu mümkün deyildi".
M.Abbasov qeyd edib ki, analoq televiziya yayımının dayandırılmasından sonra yaradılan "Qaynar xətt"ə bayram günlərində cəmi 10-12 müraciət daxil olub: "Bakı şəhərindən demək olar müraciət qeydə alınmayıb. İndi gələn müraciətlər əsasən rəqəmli televiziya aparatlarının necə tənzimlənməsi ilə bağlıdır".
Texniki direktor bildirib ki, ölkə üzrə ümumillikdə 185-ə yaxın rəqəmli televiziya ötürücüsü quraşdırılıb: "Bakı şəhəri və Azərbaycanın rayonlarında 135 rəqəmli televizya ötürücüsü quraşdırılıb. Təxminən 50 ötürücü isə Naxçıvan Muxtar Respublikası ərazisindədir. Hazırda mürəmadi olaraq monitorinqlər aparılır və siqnalın zəif olduğu ərazilərdə il ərzində əlavə ötürücülər quraşdırılacaq".