İyulun 26-dan Qarabağ əhalisi üçün humanitar yardım daşıyan yük maşınları Laçın sərhəd-buraxılış məntəqəsinin yerləşdiyi Həkəri körpüsünün yaxınlığında dayanıb. İrəvandan gələn avtomobil karvanı ilə bağlı qalmaqal Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq cəhdi adlandırılıb.
“Report” xəbər verir ki, “
Azərbaycan sərhədçiləri bu karvanı buraxmırlar, çünki Bakı onları dəvət etməyib. ABŞ Cənubi Qafqazdan uzaqda yerləşməsinə baxmayaraq, bu qalmaqala müdaxilə etmək qərarına gəlib. ABŞ Dövlət katibi Antoni Blinken iyulun 30-da Bakıya zəng edərək şəxsən Laçın yolu ilə sərbəst hərəkətin təmin edilməsini və eyni zamanda alternativ marşrutlar üzrə kompromis tapmağı xahiş edib. Bəs İrəvan niyə Qarabağa yükləri yanlış marşrutla göndərir və Moskva ilə Qərb arasında münasibətlərin bununla nə əlaqəsi var?
Humanitar karvan haqqında məlumat
İyulun 30-da ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək Qarabağdakı böhran, xüsusən də Laçın yolundakı vəziyyətdən narahatlığını bildirib. O, kommersiya, humanitar və şəxsi avtomobillərin sərbəst tranzitinə çağırış edib. Bundan başqa, Dövlət katibi humanitar yardımların Qarabağ əhalisinə çata biləcəyi alternativ yollara diqqət çəkib və onlar üzrə kompromislərə çağırıb.
İ.Əliyev isə bildirib ki, Azərbaycanın erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadə etməklə bağlı təklif irəli sürməsinə və bunun Avropa İttifaqı, Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən dəstəklənməsinə baxmayaraq, Ermənistan bütün təkliflərə qarşı çıxıb.
Bu arada, Moskva hələ də Bakı ilə İrəvan arasında danışıqlar prosesinin zirvə nöqtəsi olacaq sülh sazişinin imzalanmasına ümid edir. Moskvanın bu mövqeyi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyulun 25-də Rusiya paytaxtında keçirilən görüşündə təsdiqlənib. Bu görüşün vasitəçisi olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə qənaətə gəlib ki, İrəvan Qarabağ ermənilərinin rəhbərlərini Azərbaycan qanunvericiliyindən irəli gələn hüquqlarını razılaşdırmaq üçün Bakı nümayəndələri ilə görüşməyə razı salmalıdır.
Rusiya paytaxtında danışıqlar başlamamışdan əvvəl isə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, İrəvan konstruktiv danışıqlara hazırdır. Onun sözlərinə görə, bəzi məsələlərdə konkret nəticələr var. Düzdür, nazir xəbərdarlıq edib ki, tərəflərin mövqelərinin hələ də bir-birindən uzaq olduğu məqamlar var. Onun fikrincə, Qarabağdakı vəziyyət humanitar fəlakətə yaxındır.
İyulun 25-də axşam saatlarında A.Mirzoyan Moskvada sülh sazişi ilə bağlı danışıqlar apararkən, İrəvanda Qarabağ əhalisinə yardım məqsədilə işçi qrupu iclas keçirib. Bu işçi qrupu dekabrın sonunda, yəni Ermənistan hakimiyyəti ilk dəfə “Laçın yolunun blokadaya alınması” ilə bağlı şikayətlər edən zaman yaradılıb.
Bu qrup təcili olaraq iyulun 26-da Qarabağa humanitar yardım göndərmək qərarına gəlib. Səhərə yaxın İrəvanda Xarici İşlər Nazirliyinin binası qarşısında düzülən 19 yük maşınından ibarət avtomobil karvanı yaradılıb. Karvanın yola düşməsi isə rəsmi hadisə xarakteri alıb: Ermənistan hakimiyyəti xarici səfirliklərin əməkdaşlarını dəvət etmişdi. Yük maşınlarının kuzovu açılıb və bununla erməni rəsmilər yükün yalnız dinc xarakterli olduğunu göstəriblər. Rusiya tərəfini səfirliyin müşaviri-elçisi Maksim Seleznyov təmsil edib.
Ermənistanın əmək və sosial məsələlər nazirinin müavini Anna Jamkoçyanın sözlərinə görə, yük maşınlarında qarabağlılar üçün ən zəruri əşyalar olub: “60 ton şəkər, 40 ton bitki yağı, 100 ton un, 80 ton makaron, 20 ton duz, 40 ton süd tozu, 12 ton uşaq qidası və 9 ton dərman preparatı”.
Bakı ilə İrəvanda avtomobil karvanının yola düşməsini necə qarşıladılar?
Ermənistan telekanalları İrəvandan bu karvanın yola düşməsini canlı yayımlanıb. Onun hərəkətini Avropa İttifaqının (Aİ) monitorinq missiyasının üzvləri izləyib: onlar Azərbaycan sərhədi yaxınlığında gözləyirdilər. Amma Azərbaycan ərazisinin girişində, Laçın yolunun lap başlanğıcında, Həkəri körpüsünün yaxınlığında avtomobil karvanı sərhədçilər tərəfindən dayandırılıb. Rəsmi Bakı isə bəyan edib ki, avtomobil konvoyunun göndərilməsi razılaşdırılmayıb. O, belə avtomobil konvoylarının göndərilməsini “Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qəsd, Laçın sərhəd- keçid məntəqəsinə qarşı növbəti təxribat” kimi qiymətləndirir.
Ermənistanın baş naziri Nikol Paşinyan isə Bakını Qarabağ sakinlərini aclığa məhkum etməyə can atmaqda ittiham edib: “Əgər Azərbaycan humanitar yardımın keçməsinə icazə verməsə, soyqırımı törətmək istəyini təsdiqləyəcək. Digər tərəfdən, yüklərin çatdırılmasına icazə verilməsi etimad artırılması üçün müsbət addım olardı”.
Azərbaycan güzəştə getməyə hazır olduğunu bildirib. Belə ki, İrəvanın Qarabağ ermənilərinə humanitar yardım göstərmək istəyini başa düşən Bakı yüklərin çatdırılması üçün başqa variant təklif edib. Söhbət Prezident İlham Əliyevin Antoni Blinkenə bəhs etdiyi və Avropa İttifaqı, Beynəlxalq Qızıl Xaç Komitəsinin də təqdir etdiyi Ağdam-Xankəndi marşrutundan gedir. Lakin İ.Əliyevin iyulun 30-da dediyi kimi, Ermənistan bütün təkliflərə qarşı çıxıb və erməni tərəfinin “humanitar vəziyyət” və “blokada” ilə bağlı iddiaları siyasi manipulyasiyadır.
“Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son qoymalı, qüvvələrini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmalı və qanunsuz marionet rejimini maliyyələşdirməyi dayandırmalıdır”, - Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
İrəvan niyə Laçın ətrafında vəziyyəti gərginləşdirir
Daha əvvəl Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel bildirmişdi ki, Aİ Azərbaycanın Ağdam vasitəsilə Qarabağa məhsul tədarük etməyə hazır olmasını nəzərə alıb. Onun fikrincə, bu, Laçın yolunun işinin bərpasına alternativ kimi qəbul edilməməlidir. Lakin İrəvan inadla avtomobil karvanının marşrutunu dəyişməkdən imtina edir. A.Mirzoyan iyulun 27-də bir daha bəyan edib ki, Qarabağa yüklərin Laçın yolundan başqa digər marşrutlarla çatdırılması Ermənistanı qane etmir.
İyulun 30-da Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan isə şikayətlənib ki, yük maşınları hələ də sərhəd-keçid məntəqəsində dayanıb və humanitar yardım Qarabağa çatdırılmaq üçün Rusiya sülhməramlılarına təhvil verilməsi prosesini gözləyir. O bildirib ki, hazırda məlumat mübadiləsi davam edir, lakin hələ ki, cavab yoxdur: “Biz gözləməliyik və bu yüklərin təyinat yerinə çatması üçün əlimizdən gələni etməliyik”.
Politoloq Sergey Markov “NEWS.ru”ya açıqlmasında bildirib ki, Ermənistan hakimiyyətinin məqsədi Qərb ictimaiyyətinin diqqətini cəlb etmək və hay-küy yaratmaqdır. O qeyd edib ki, İrəvan hazırda Qarabağın erməni icması üçün maksimum muxtariyyət əldə etməyə və daimi əsasda beynəlxalq strukturların filiallarını regiona daxil etməyə çalışır. Onun sözlərinə görə, bu məsələdə Qərb ölkələrindəki erməni lobbisinin yardımından istifadə olunur.
“Ermənistan Qarabağda aclıq təhlükəsindən danışmaqla Qərbi qorxutmaq və “cəsarətləndirmək” qərarına gəlib. Məsələn, bir çoxlarının fikrincə, əgər Avropa İttifaqı Krımla bağlı daha sərt mövqe tutsaydı, indi Ukraynada hərbi əməliyyatlar baş verməzdi. İrəvan Avropa bürokratiyasının bu psixoloji günah kompleksindən istifadə etməyə çalışır”, - S.Markov bildirib.
Onun sözlərinə görə, Ermənistan humanitar karvan ətrafında yaranmış qalmaqalla kifayətlənməyəcək və bir müddət sonra buna oxşar addım atacaq.
Politoloq vurğulayıb ki, nəzəri cəhətdən İrəvanın planlarını dəstəkləyən Aİ və ATƏT demək olar ki, heç nə etmirlər.
Moskvanın mövqeyi necədir?
Politoloq Aleksey Naumov isə “NEWS.ru”ya bildirib ki, Həkəri körpüsü ətrafında indiki qalmaqal kimi hərəkətlər tez-tez təkrarlanacaq: “Ermənistan hakimiyyəti gözləyir ki, bu addımlarla bəlkə kimsə nəzər yetirər və nəticədə nəinki sülh prosesini ləngidə, danışıqlar zamanı yeni nəsə əldə edə biləcək”.
“İrəvanda təzyiq rıçaqlarından yalnız bir neçəsi qalıb, bunlardan da ən önəmlisi reputasiyadır. Bu cəhət onun üçün humanitar aspektdən qat-qat önəmlidir. Bir çox Qərb siyasətçilərinin gözündə Azərbaycan aqressiv tərəf, Ermənistan isə əzabkeş qurbandır. Bu o deməkdir ki, İrəvan informasiya siyasətində böyük ustadır”, - A.Naumov qeyd edib.
Məlum olduğu kimi, aprel ayında Azərbaycan öz dövlət sərhədində, Ermənistanı Qarabağla birləşdirən Laçın yolunun girişində polis və sərhədçilər yerləşdirərək nəzarət-buraxılış məntəqəsi yaradıb. Ermənistanın Qarabağın şimal hissəsinə, 2020-ci ilin noyabrından sonra Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə qaçaqmalçılıq yolu ilə silah göndərmək cəhdləri səbəbindən Bakıda belə tədbirləri zəruri adlandırılıb.
Xatırladaq ki, Rusiya daxil olmaqla, fövqəldövlətlər Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul edir. Yeri gəlmişkən, Ermənistan da bunu belə olduğunu düşünür.
İrəvan Moskvanı necə pis vəziyyətə qoyub?
N.Paşinyan sistemli şəkildə Rusiya sülhməramlılarını Laçın yolu ilə bağlı öhdəliklərini yerinə yetirməməkdə ittiham edir. Ermənistanın baş naziri hesab edir ki, Moskva bu yola nəzarət etmək məsuliyyətini öz üzərinə götürüb, lakin indi verdiyi vədləri yerinə yetirmir.
A.Naumovun sözlərinə görə, lakin Rusiya sülhməramlılarının bununla bağlı müvafiq səlahiyyətləri yoxdur, çünki onlar “diplomatik vasitəçi” deyillər və onların radikal qanunsuz davranışı Azərbaycan tərəfinin qəzəbinə səbəb ola və Bakı ilə Moskvanın toqquşmasına səbəb ola bilər.
Onun sözlərinə görə, Rusiya sərhədçilərinin regionda yerləşdirilməsinin yeganə məqsədi hərbi əməliyyatların bərpasının qarşısını almaqdır və onlar bu missiyanı yerinə yetirirlər: “İrəvanın hər bir hərəkəti indi Rusiya sülhməramlılarının faydasızlığını göstərmək məqsədi daşıyır. Yəni guya onlar orada sadəcə dayanıb və heç bir problemi həll etmirlər. Amma başa düşmək lazımdır ki, Bakı və İrəvan problemləri özləri həll etməlidirlər və Rusiya sülhməramlılarının bununla bağlı müvafiq mandata malik deyil. Avtomobil karvanı ilə bağlı qalmaqal Rusiyanı bölgədən sıxışdırmağa yönəlmiş güclü aksiyadır. Bu, dolayı yolla Rusiya vasitəçiliyinin səmərəsizliyini göstərmək məqsədi daşıyır. Amma bu bəyanat ədalətsizdir, çünki sülhməramlılar bütün öhdəliklərini yerinə yetirirlər”.
Politoloq əlavə edib ki, Rusiya-Azərbaycan müttəfiqlik əlaqələrinə qarşı çıxmaq Ermənistan rəhbərliyinin məqsədlərindən biridir: “Moskva ilə Bakı arasında fikir ayrılığı yaratmaq Paşinyanın əsas hədəflərindən biridir”.
Sergey Markov isə vurğulayıb ki, Ermənistan Rusiya sülhməramlılarını Aİ sülhməramlıları ilə əvəz etmək istərdi, lakin o, bunun mümkün olmadığını başa düşür.
Onun sözlərinə görə, buna görə də İrəvanda rusiyalı sülhməramlılarının guya fəaliyyətsizliyinə görə Moskvanı üstü örtülü şəkildə qınamaqla kifayətlənirlər: “Belə hallar dəfələrlə olacaq. Görünən odur ki, Paşinyan hələ Azərbaycanla sülh müqaviləsi bağlamaq niyyətində deyil”.
Azərbaycan Xarici İşlər Nazirliyi Moskvada aparılan danışıqlardan dərhal sonra humanitar yardım daşıyan yük maşınlarının Qarabağa göndərilməsinə diqqət çəkib: “Bu, Ermənistanın prosesdə səmimi olmadığını, vəziyyəti gərginləşdirməklə beynəlxalq ictimaiyyəti çaşdırmaq niyyətində olduğunu göstərir”.
Bu arada, məlumatlara görə, avtomobil karvanı hələ də Həkəri körpüsü yaxınlığındadır. Eyni zamanda, müşahidəçilərin qeyd edirlər ki, yük maşınları Qarabağa buraxılmasa, onların necə geri qayıda biləcəyi aydın deyil. Həmin əraziyə aid olan kadrlardan görünür ki, yük maşınları dönə bilmir, çünki körpünün yaxınlığında buna yer yoxdur və dağ yolu ilə geri qayıtmaq çox təhlükəlidir. Əslində, Laçın yolunun qarşısını məhz Ermənistan tərəfi kəsib.