Jurnalist Həmid Həmidov ukraynalı tələbələr üçün mühazirə oxuyub

Jurnalist Həmid Həmidov ukraynalı tələbələr üçün mühazirə oxuyub Azərbaycanlı jurnalist, “Global Media Group”un Media direktoru Həmid Həmidov Ukraynanın Sumı Dövlət Universitetinin tələbə və müəllimləri üçün mühazirə oxuyub.
Media
4 Aprel , 2023 17:57
Jurnalist Həmid Həmidov ukraynalı tələbələr üçün mühazirə oxuyub

Azərbaycanlı jurnalist, “Global Media Group”un Media direktoru Həmid Həmidov Ukraynanın Sumı Dövlət Universitetinin tələbə və müəllimləri üçün mühazirə oxuyub.

“Report” xəbər verir ki, onlayn görüşdə Həmid Həmidov “Müharibə dövründə media sektorunda Ukrayna-Azərbaycan əməkdaşlığı” mövzusunda çıxış edib.

Tədbirin moderatoru bir neçə Ukrayna-Azərbaycan birgə layihəsinin kuratoru Marina Qonçaruk olub.

Onlayn görüşü giriş sözü ilə açan tarix elmləri namizədi, Sumı Dövlət Universitetinin tarix kafedrasının dosenti Anatoli Qonçarenko Ukrayna-Azərbaycan dialoqu tarixinin maraqlı səhifələrindən söhbət açıb, tələbələrin Azərbaycanın ictimai fikrə təsir göstərən liderləri ilə ünsiyyətinin vacibliyini qeyd edib, bunun onlara Ukraynanı hər vəchlə dəstəkləyən dost xalq haqqında daha çox məlumat əldə etməyə imkan verəcəyini bildirib.

Həmid Həmidov Azərbaycan ilə Ukrayna arasında media sahəsində əməkdaşlığın inkişafından bəhs edib, bu prosesin son illər daha da intensivləşdiyini və daha məhsuldar inkişaf etdiyini bildirib.

“Global Media Group”un Media direktoru Azərbaycanın dezinformasiyaya qarşı mübarizə təcrübəsindən, eləcə də müharibə dövründə beynəlxalq media platformaları ilə aparılan işdən danışıb. "2020-ci il Qarabağ müharibəsi zamanı ukraynalılar Ukrayna mətbuatında şərhlər verən bir çox azərbaycanlı ekspertlər, jurnalistlər və məmurlarla tanış oldular. Bizdə də Ukraynanın ictimai fikrə təsir göstərən liderlərinin məlumatlarına maraq var. Hesab edirəm ki, ölkələrimizin ekspert icmaları ilə jurnalistləri arasında əməkdaşlıq ilk növbədə şəxsi təmaslar və əməli fəaliyyət, birgə və sistemli layihələr üzərində qurulub”, - Həmid Həmidov bildirib.

Sonda o, Azərbaycan ətrafında mövcud geosiyasi vəziyyətlə maraqlanan tələbə və müəllimlərin suallarını cavablandırıb.

Son xəbərlər

Orphus sistemi