İtaliya mediasında bu gün Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərinə yer ayrılıb.
“Report” xəbər verir ki, “Tiscali News” nəşrində Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyevin fikirləri yer alıb.
Nəşrə danışan Prezidentin köməkçisi Azərbaycanın islahatlara ehtiyacı olduğundan ölkə başçısının dəyişikliklər istədiyini söyləyib.
Onun sözlərinə görə, ölkəyə ötən əsrin qaydalarına və standartlarına uyğun şəkildə rəhbərlik etmək mümkün deyil, irəliyə doğru hərəkət etmək lazımdır.
“Bu seçkilərdən yeni simaların, parlamentə gələrək prezidentin islahat prosesini dəstəkləyəcək yenilikçi ideyalı gənclərin üzə çıxacağını gözləyirik”, - H.Hacıyev bildirib.
İtaliyanın “Aska News” nəşri isə yazıb ki, növbədənkənar seçkilər Prezident Administrasiyasında və Nazirlər Kabinetində başlamış modernləşmə prosesini izləyən yolda ölkənin siyasi, iqtisadi və sosial həyatında aparılan islahatlar çərçivəsində dövlət strukturlarında nəsil dəyişikliyi prosesinin konsolidasiyası məqsədi daşıyır.