Jurnalist Həmid Həmidovun “Danışaq?” podkastının yeni buraxılışında qonaq məşhur azərbaycanlı alpinist İsrafil Aşurlu olub.
“Report”un məlumatına görə, alpinist Everestə dırmanmasından və Azərbaycanda alpinizmin populyarlaşmasından danışıb.
İ.Aşurlu qeyd edib ki, Everest kimi zirvələri fəth etmək üçün ciddi hazırlıq və xeyli vəsait lazımdır. “Keçən il zirvənin fəth edilməsi üçün rəsmi dırmanma icazəsi 15 min dollara başa gəlirdi, amma bu, sadəcə dağa yaxınlaşmaq və ora qalxmağa cəhd göstərmək üçündür”, - o deyib.
Alpinist bildirib ki, növbəti zirvə fəthini maliyyələşdirmək üçün “Gelendevagen” markalı avtomobilini satmalı olub: “Ona görə də mən yəqin ki, orta statistik azərbaycanlı deyiləm”.
O, həmçinin Azərbaycanın keçmiş ekologiya naziri ilə münaqişə, Azərbaycan alpinizm tarixindəki “qara tarix”, Azərbaycanda alpinizmin populyarlaşması və s. mövzular haqqında danışıb.
İ.Aşurlunun sözlərinə görə, Azərbaycanda alpinizmin inkişafı üçün onun kütləvi xarakter alması lazımdır: “Kütləvi xarakter isə yalnız dövlətin dəstəyi ilə mümkündür. Mənim missiyalarımdan biri də alpinizmi populyarlaşdırmaq, o cümlədən məşq etməyə hazır olan uşaqları yetişdirməkdir”.