Fuad Hüseynəliyev: "İndiki dövrdə medianın məsuliyyəti daha da artır"

Fuad Hüseynəliyev: "İndiki dövrdə medianın məsuliyyəti daha da artır" "Mədəniyyətlər arasında tolerantlıq, cəmiyyətdə hörmət və qarşılıqlı anlaşma, barışıq və dinc birgəyaşayışın təşviqi edilməsi, təcavüzkar millətçilik, irqçilik, şovinizm, ksenofobiya kimi halların qarşısının alınması və onlara qarşı mübarizə də vacib şərt
Media
26 Aprel , 2022 17:25
Fuad Hüseynəliyev: İndiki dövrdə medianın məsuliyyəti daha da artır
Fuad Hüseynəliyev

"İnformasiya texnologiyalarının inkişafı bir sıra sahələrdə yeni münasibətlərin yaranmasına da səbəb olub. Ümumiyyətlə, cəmiyyətin tərəqqisi də informasiya texnologiyalarının inkişafı ilə uzlaşır. Kommunikasiyanın inkişafı insanlar və mədəniyyətlərarası əlaqələrə də təsir göstərir. Bu hal həm də informasiyanın yayılması sürətinə, onun səmərəliliyinə təsir edir. Heç şübhəsiz bu zaman cəmiyyətin birliyi üçün başlıca məsələlərdən olan tolerantlığın, özünüifadə və fikir azadlığının qorunması vacib amillərdəndir".

Bunu "Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev ADA Universitetində keçirilmiş "Dezinformasiyanın artması: mətbuat sahəsinə və effektiv cavablandırma strategiyalarına təsiri" mövzusunda "dəyirmi masa"da bildirib.

O bildirib ki, çoxsaylı sosial şəbəkələrin olduğu şəraitdə bir sıra təməl məsələlərə hörmət olunması və onların qorunması da əsas mövzulardan sayılır:

"Odur ki, mədəniyyətlər arasında tolerantlıq, cəmiyyətdə hörmət və qarşılıqlı anlaşma, barışıq və dinc birgəyaşayışın təşviq edilməsi, təcavüzkar millətçilik, irqçilik, şovinizm, ksenofobiya kimi halların qarşısının alınması və onlara qarşı mübarizə də vacib şərtlərdəndir. Bu istiqamətdə xaos və “sərbəstlik” qərəz, kin, nifrəti yayar, dövlətin təhlükəsizliyini təhdid edər, cəmiyyətin parçalanmasına səbəb olar".

F.Hüseynəliyev qeyd edib ki, dövlətin tolerantlığa verdiyi dəyəri media daha da inkişaf etdirməyə çalışır və Azərbaycanda bir çox rus, ingilis, erməni dilində nəşrlər var.

O qeyd edib ki, sosial media müəyyən mənada ifrat sərbəstliyə öyrəşib:

"Burada adətən yoxlanılmayan şayiələr fakt kimi təqdim olunur. Media isə istənilən xəbəri təsdiqini tapandan sonra yayımlayır. İndiki dövrdə medianın məsuliyyəti daha da artır. Məsələn, Rusiyanın Ukraynaya təcavüzü barədə sosial şəbəkələrdə məlumatlar görürük, amma bir balaca araşdırma aparanda bunların bəzilərinin feyk olduğu məlum olur".

Daha sonra fikirlərini genişləndirən F.Hüseynəliyev misal gətirərək bildirib ki, bir neçə gün əvvəl "Report" agentliyinin və Baku TV-nin Ukraynadakı müxbiri Mübariz Aslanov bu şənbə günü Ukrayna Prezidenti Volodimir Zelenskinin mətbuat konfransında iştirak edib və bir neçə sual verib: "Zelenski sualları tam və dolğun cavablandırıb, Azərbaycanda xəbər portalları, televiziyalar Ukrayna Prezidentinin cavablarını geniş yayıblar. Lakin belə bir mətbuat konfransında iştirakdan həyəcan hissi keçirən Mübariz rus dilində sualları tam səlis ifadə etməyib və buna görə sosial şəbəkələrdə qınaq obyekti olub.

Halbuki sırf dilə görə neqativ rəylər yazanları Mübarizin 2 aya yaxın həyatını təhlükəyə ataraq öz peşəsini ləyaqətlə yerinə yetirməsi heç maraqlandırmadı. Bunun cavabı isə çox sadə şəkildə verildi – Mübariz Aslanovun Ukraynadan hazırladığı reportajlarla".

F.Hüseynəliyev vurğulayıb ki, Azərbaycan tarixi irsi, tolerantlığı, çoxsaylı etnosların təmsilçilərinin birgəyaşayışını bu gün də qoruyub saxlayır, yaxşı adətləri inkişaf etdirir:

"Dövlətin qüdrəti həm də onun çoxmədəniyyətliliyindədir. Azərbaycan bu zənginliyə də malikdir".

Son xəbərlər

Orphus sistemi