Ermənistanın müharibə cinayətləri Avropa mətbuatında

Ermənistanın müharibə cinayətləri Avropa mətbuatında Ermənistan bir tərəfdən sülh yalvarışları edir, digər tərəfdən mülki şəxsləri qətlə yetirir
Media
15 Oktyabr , 2020 17:13
Ermənistanın müharibə cinayətləri Avropa mətbuatında

Milli Məclisin deputatı Könül Nurullayevanın Avropanın “Parliament magazine” portalında “Ermənistan humanitar atəşkəs dövründə mülki insanları hədəfə alır” başlıqlı məqaləsi dərc olunub”.

Məqalədə bildirilir ki, ermənilərin Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəni hədəfə alması, yaşayış binalarına dağıdıcı və dəhşətli raket hücumu işğalçı ölkənin terrorçu mahiyyətinin təsdiqidir. Ermənistan münaqişənin ilk illərindən azyaşlı uşaqları, qadın və qocaları hədəfə alır: “Bu gün mülki əhalinin qətlə yetirilməsi 1992-ci ilin fevralında Xocalıda baş verən insanlıq əleyhinə cinayətin - soyqırımın davamıdır. Ermənistan 26 illik atəşkəs dövründə də eyni siyasəti apardı. Məhz atəşkəs dövründə mülki insanlar, azyaşlı uşaqlar erməni snayperindən açılan atəş nəticəsində qətlə yetirildi. Oktyabrın 9-da Moskvada aparılan danışıqların yekunu olaraq, əldə edilən humanitar atəşkəs rejimi də Ermənistan tərəfindən pozuldu. Ermənistan bir tərəfdən sülh yalvarışları edir, digər tərəfdən mülki şəxsləri qətlə yetirir”.

Məqalədə həmçinin vurğulanır ki, humanitar atəşkəs dövründə işğaldan azad olunan Suqovuşan ərazisində erməni əsgərlərinin cəsədlərini yığan və üzərinə aydın şəkildə ağ bayraq sancılan sanitar maşın da Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub. Nəticədə 1 tibbi xidmət qulluqçusu ağır yaralanıb. Ermənistan bununla döyüş meydanındakı uğursuzluqlarını kompensasiya etməyə çalışır: “Bu, o deməkdir ki, Ermənistan üçün beynəlxalq qurumların qəbul etdiyi sənədlərin heç biri əhəmiyyəti yoxdur. Bu dövlət beynəlxalq hüquqa, beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə heç vaxt hörmətlə yanaşmayıb. Onlar həmişə “status-kvo”nu möhkəmləndirmək, bu vəziyyəti dəyişməz olaraq saxlamaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, danışıqlar masasında olan, ATƏT-in Minsk qrupu tərəfindən işlənib hazırlanmış prinsiplərə əsasən qaytarmalı olduqları Azərbaycana məxsus əraziləri sonsuza qədər işğal altında saxlamaqda israrlı idilər. Əsas məqsəd Dağlıq Qarabağın ətrafında olan yeddi rayonu özlərinin təhlükəsizlik zonası adlandıraraq işğal altında saxlamaq idi. Amma reallıq ondan ibarətdir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev də bəyan edib - müasir dünyada təhlükəsizlik siyasi yollarla təmin olunmalıdır. Azərbaycan hər zaman münaqişənin diplomatik yolla həllinin tərəfdarı olub. Bu vaxta qədər aparılan sülh danışıqlarında da eyni mövedən çıxış edib, lakin Ermənistan tərəfinin təxribatları, danışıqların formatını dəyişdirmək cəhdi münaqişə bölgəsində eskalasiyanı qaçılmaz etdi”.

K.Nurullayeva qeyd edib ki, bu gün dünya Dağlıq Qarabağın da daxil olduğu Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ermənistanın dəstəkləməkdən imtina etdiyi əsas baza prinsiplərində də Azərbayacana məxsus ərazilərin geri qaytarılması plan üzrə əksini tapıb.

Son xəbərlər

Orphus sistemi