“Azərbaycanda senzuranın ləğvi ölkədə söz, məlumat və fikir azadlığının təmin edilməsində mühüm rol oynadı”.
“Report” xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Müasir Azərbaycan mediası - peşəkarlıq standartları və yeni trendlər" mövzusunda Respublika elmi-praktik konfransındakı çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Ulu Öndər istər sovetlər dönəmində, istərsə də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi vaxtda xalqımızın milli-mənəvi dəyərlərinin yaşadılmasına, daha da möhkəmlənməsinə böyük önəm verdiyindən medianın işini, jurnalist əməyini daim yüksək qiymətləndirib: “Azərbaycan mətbuatı Ümummilli Liderin siyasi uzaqgörənliyindən irəli gələn dövlət maraqlarımızın qorunması, xalqımızın haqq səsinin dünyaya çatdırılması kimi əhəmiyyətli funksiyasını məsuliyyətlə yerinə yetirməkdədir. Ulu Öndərin müstəqil dövlət quruculuğu sahəsində müstəsna və əvəzedilməz fəaliyyətinin işıqlandırılması Azərbaycan mediasının əsas mövzusu olmaqla, dövlətçilik tariximizin canlı salnaməsini təşkil etmişdir. Cənab Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin regionun lider dövlətinə çevrilməsi, azərbaycançılıq ideologiyasının daha da kütləviləşərək xalqın özünü dərkində mühüm faktora çevrilməsi Heydər Əliyev ideyalarının təntənəsinin təzahürüdür”.
Qurum sədri bildirib ki, 1993-cü ildə xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqillik tarixinin əsasını qoydu: “Məhz bu dövrdə dövlətimizin idarəçilik mexanizmləri formalaşdırıldı, ölkəmiz müstəqil dövlət olaraq beynəlxalq birliyə uğurla inteqrasiya etdi.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyamızda söz, fikir və məlumat azadlığı ilə bağlı konkret müddəalar əksini tapıb. Onun siyasi iradəsi və böyük səyləri nəticəsində Azərbaycanda plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılmışdı. Bunun bariz nümunəsi kimi Azərbaycan Respublikası Prezidentinin 6 avqust 1998-ci il tarixli Fərmanı ilə Nazirlər Kabineti nəzdində mətbuatda dövlət sirlərini mühafizə edən baş idarənin ləğv edilməsini göstərmək olar”.
“Medianın fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılması, Azərbaycanda demokratik mətbuatın formalaşması və sürətli inkişafının təmin edilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır.
Ulu Öndər jurnalist peşəsinə hər zaman dərin hörmət bəsləmiş, mətbuat işçiləri ilə yaxın təmasda olmuş, onların problemləri ilə maraqlanmış və heç vaxt köməyini əsirgəməmişdir. Media subyektlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, onlara müvafiq güzəştlərin təyin edilməsi istiqamətində ardıcıl qərarlar qəbul edib, fərman və sərəncamlar imzalanıb. Onun 2000-ci ildə imzaladığı Fərmanla Azərbaycan milli mətbuatının yubileylərinin ölkə səviyyəsində qeyd edilməsinin, ümumiyyətlə, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsasını qoymuşdur. 2002-ci ilin martında Azərbaycan jurnalistləri arasında keçirilmiş sorğu nəticəsində “Jurnalistlərin dostu” seçilməsi Ümummilli Liderin demokratiyanın mühüm prinsiplərindən olan söz və məlumat azadlığının, medianın inkişafına diqqət və qayğısının məntiqi nəticəsi olub”-, o, qeyd edib.
Agentlik sədri həmçinin qeyd edib ki, hazırda öz inkişafının mühüm mərhələsini yaşayan, ərazi bütövlüyünü bərpa etmiş, qalib Azərbaycan Respublikasında güclü iqtisadi potensialın yaradılması, vətəndaş cəmiyyəti quruculuğunun sürətləndirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun artırılması, ümummilli problemlərin milli maraqlara uyğun həlli istiqamətində məqsədyönlü və ardıcıl siyasət həyata keçirilir: “ Heydər Əliyevin siyasətini və ənənələrini müasir dövrün tələblərinə uyğun uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev medianın inkişafına əlverişli şərait yaradılmasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib.
Azərbaycan Respublikası Prezidentinin modernləşmə kursu, cəmiyyət həyatının bütün sahələrində müşahidə olunan yenilənmə, informasiya cəmiyyətinə keçid, ölkəmizin dünya informasiya məkanına daxil olması dövlətin və cəmiyyətin qarşısında yeni vəzifələr müəyyənləşdirib. Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığı ölkə Prezidenti cənab İlham Əliyevin siyasi kursunun və qazanılan demokratik nailiyyətlərin mühüm tərkib hissəsidir”.
Ə.İsmayılov vurğulayıb ki, Heydər Əliyev ideyalarına söykənən azərbaycançılıq ideologiyasının təbliğində, milli-mədəni irsimizin dünyada tanıdılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna fəaliyyətini xüsusi vurğulamaq lazımdır: “Ulu Öndərin adını daşıyan Fond onun irsini yüksək səviyyədə yaşadaraq Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, ölkəmizin beynəlxalq nüfuzunun daha da gücləndirilməsinə töhfə vermək, qayğıya ehtiyacı olan vətəndaşlarımızı diqqətdə saxlamaqla mərhəmət və fədakarlığın ünvanına çevrildiyini dəfələrlə sübut edib”.